Şəmkirdə “KOB Dostu” fəaliyyətə başlayıb

Şəmkirdə “KOB Dostu” fəaliyyətə başlayıb
  16 Oktyabr 2019    Oxunub:1838
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) növbəti Kiçik və Orta Biznesin Dostu ("KOB Dostu") Şəmkir rayonunda fəaliyyətə başlayıb. Bununla da Gəncə-Qazax iqtisadi rayonu üzrə fəaliyyət göstərən KOB dostlarının sayı 2-yə, ölkə üzrə isə 18-ə çatıb.
KOBİA-dan Azvision.az -a bildirilib ki, oktyabrın 16-da agentliyin təşkilatçılığı, Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə bu rayonda "KOB Dostu"nun fəaliyyətə başlamasına həsr olunmuş tədbir keçirilib. Şəmkir və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarların və dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə “KOB Dostu” mexanizmi, mikro, kiçik və orta sahibkarlara “KOB Dostu” tərəfindən göstəriləcək xidmətlər və dəstək barədə məlumat verilib.

KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, Şəmkir və ətraf rayonlarda fəaliyyət göstərən KOB-lar biznesin qurulması, mövcud sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, eləcə də hüquq və maraqlarının müdafiəsi kimi istiqamətlərdə “KOB Dostu”na müraciət edə bilərlər. "KOB Dostu" tərəfindən sahibkarlara informasiya, məsləhət, təlim-tədris, hüquqi yardım, dövlət qurumları ilə əlaqələndirmə kimi sahələrdə dəstək və xidmətlər göstəriləcək. Sahibkarları “KOB Dostu” ilə sıx əməkdaşlığa dəvət edən O.Məmmədov "KOB Dostu" şəbəkəsinin ölkənin digər şəhər və rayonlarını da əhatə edəcəyini diqqətə çatdırıb.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov rayonun iqtisadi potensialı və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün yaradılmış imkanlar barədə məlumat verib, “KOB Dostu”nun mikro, kiçik və orta biznes subyektlərinə dəstək olacağına əminliyini vurğulayıb.

Sonra “KOB Dostu” mexanizmi barədə təqdimat keçirilib. Tədbir çərçivəsində, həmçinin KOB-lar üçün yeni dövlət dəstəyi mexanizmi olan daxili bazar araşdırmalarına dair maarifləndirici videoçarx nümayiş olunub, sahibkarların bu dəstəkdən yararlanmaq üçün KOBİA-ya müraciət edə biləcəkləri diqqətə çatdırılıb.

Sonda sahibkarlar Şəmkir Gənclər Mərkəzində fəaliyyət göstərən “KOB Dostu” ofisi ilə tanış olublar, onları maraqlandıran suallar cavablandırılıb.

Azvision.az



Teqlər: KOB  





Xəbər lenti