Binaların əmlak vergisi zonalar üzrə dəyişir

Binaların əmlak vergisi zonalar üzrə dəyişir
  25 Sentyabr 2019    Oxunub:4653
Vergi Məcəlləsinin 200.1-ci maddəsinə görə, fiziki şəxslərin təqdim etdiyi binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən Azvision.az -a bildirilib ki, daşınmaz əmlakın satılması zamanı müqavilədə hər hansı məbləğin göstərilməsindən asılı olmayaraq, bir kvadratmetrə görə 15 manat vergi hesablanır. Sonra həmin məbləğ zona əmsalına vurularaq son məbləğ alınır.

Belə ki, Bakı şəhərinin zona əmsalı 4 və 1,2 arasında dəyişir. Əmlaklar Gəncə, Sumqayıt, Xırdalan şəhərlərində yerləşdikdə 1,5; Abşeron rayonunun digər qəsəbə və kəndləri, eləcə də Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində yerləşdikdə 1,2; digər şəhər və qəsəbələrdə isə 0,5 zona əmsalına vurulur.

Fiziki şəxslərin əmlak vergilərini gün ərzində alqı-satqını həyata keçirən notariuslar hesablayıb ödəmə mənbəyində tuturlar. Bəyannamələr Vergi Məcəlləsinin 150.1.9-cu, 150.3-1-ci, 220.8-ci maddələrinə əsasən, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini rəsmiləşdirən notariuslar və ya istisaslaşdırılmış hərrac təşkilatçıları tərəfindən "Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsi" ilə birlikdə təqdim olunur. Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsinin forması Vergilər Nazirliyinin saytında doldurulub təsdiq edilir və göndərilir.

Həmin sənəd təqdim edilmədikdə və ya gecikdirildikdə 40 manat cərimə tətbiq olunur. Bəyannamə üzrə vergi hesablanan zaman hesablanmış məbləğ doğru göstərilmədikdə və ya ümumiyyətlə vergi hesablanmadığı hallar aşkarlandıqda, həmin məbləğin 50 faizi məbləğində cərimə tətbiq edilir. Bəyannamənin gecikdirilməsinə görə isə bəyan olunmuş vergi məbləğinin hər gecikdirilən günə görə 0,1 faizi nisbətində sanksiya hesablanır.

Azvision.az



Teqlər: Vergi   Əmlak  





Xəbər lenti