“O olmasın, bu olsun” Gəncədə
"Çox sevinirəm ki, Opera və Balet Teatrının rəhbərliyi mənim yaradıcılığımı yüksək qiymətləndirir və öz teatrımızda ifa etdiyim rolları belə dəyərləndirir. Gəncəlilər qarşısında çıxış edəcəyim eyniadlı bu tamaşa uzun illərdir ki, həm də Akademik Musiqili Teatrın səhnəsində sevimli tamaşaçılarımıza təqdim olunur. Biz sentyabrın 20-də yeni mövsümü də bu tamaşa ilə açdıq. Sənət dostum Ağaxan Şərifovla doğma teatrımızın səhnəsində canlandırdığımız birgə ifamız həmişə rəğbətlə qarşılanıb. Yaradılan fürsətdən istifadə edib, hər ikimizin adından Akademik Musiqili Teatrın rəhbəri, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevə xüsusi minnətdarlığımızı bildiririk ki, ölkənin başqa səhnələrində, televiziya verilişlərində, seriallarda iştirakımıza, yaradıcılıq imkanlarımızı sərgiləməyə hər zaman şərait yaradır. Vaxtaşırı həm respublikamızın, həm də xarici olkələrin tanınmış ifaçıları teatrımıza dəvət olunur və bu ənənə teatrımızda həmişə uğurla davam etdirilir. Müxtəlif teatrlardan dəvət olunmuş aktyorlar – Xalq artistləri Şüküfə Yusupova, Məleykə Əsədova, Qurban İsmayılov, Pərviz Məmmədrzayev, Əməkdar artistlər Nəsibə Eldarova, Şövqi Hüseynov yaratdığı möhtəşəm obrazları ilə tamaşaçılara unudulmaz anlar bəxş ediblər. Biz artıq ənənə halını almış teatrlararası bu yaradıcılıq əməkdaşlığını yüksək qiymətləndiririk”, – deyə Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının səhnəsində də öz uğurlu ifası ilə həmişə diqqəti cəlb edən Əməkdar artist Ələkbər Əliyev media nümayəndələrinə bildirib.
Azvision.az
Teqlər: