52 min əmanətçinin pulu geri qaytarılacaq

52 min əmanətçinin pulu geri qaytarılacaq
  24 Sentyabr 2019    Oxunub:3754
"Gələn aydan etibarən müflis elan olunan banklarda 10 min dollar və ya 17 min manatdan çox olmayan sığortalanmayan əmanətləri olan vətəndaşlar pullarını geri ala biləcəklər. Yəni, müflis olan bankda vətəndaşların qorunmayan əmanəti olubsa və onun məbləği 10 min dollardan çox deyilsə, o zaman həmin vəsait qaytarılacaq".
Azvision.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, Əmanətlərin Sığortalanması Fondu Bakı Apellyasiya Məhkəməsinə müraciət edib və ödənişə icazə verilməsini istəyib:

"Qanunvericiliyə əsasən, ödəniş məsələsində 7-ci növbədə olan qorunmayan əmanət sahiblərinin 1-ci növbəyə keçirilməsinə icazə verilib. İndiyədək qorunan əmanətlər ödənilirdi. İlkin qiymətləndirmələrə görə, 52 min əmanətçinin qorunmayan əmanəti geri qaytarılacaq".

Ekspert qeyd edib ki, indiyədək müflisləşən banklarda qorunan əmanətlərin qaytarılması həyata keçirilirdi, lakin sığortalanmayan depozitlər ödənilmirdi.

"Halbuki bank həmin vəsaitdən istifadə edərək gəlir əldə etmişdi. Amma vətəndaş pulunu geri ala bilmirdi. Yeni razılaşmaya əsasən, müflis elan olunan banklarda ümumi məbləği 10 min dollardan çox olmayan qorunmayan depozitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən geri qaytarılacaq. Bu, o deməkdir ki, əgər sizin müflis elan olunan banklarda 10 min dollardan az qorunmayan əmanətiniz olubsa, o zaman gələn aydan onu əldə etmək imkanınız olacaq".

Azvision.az


Teqlər: Əmanət   Manat   Dollar  





Xəbər lenti