Kommunal xidmətlərin inkişafına dair müzakirə

Kommunal xidmətlərin inkişafına dair müzakirə
  18 Sentyabr 2019    Oxunub:1579
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin icra vəziyyəti müzakirə edilib.
Mərkəzin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, tədbirdə proqram idarəetməsinə uyğun olaraq icra, monitorinq, qiymətləndirmə, koordinasiya və kommunikasiya məsələləri müzakirə olunub. Bu yol xəritəsinin həyata keçirilməsi üçün 7 strateji hədəf və 14 strateji prioritet üzrə tədbirlərin həyata keçirilməsi planlaşdırılıb.

İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bildirib ki, “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası zamanı bu istiqamətdə mühüm işlər görülüb, kommunal xidmətlər sahəsində aparılan iqtisadi islahatların nəticəsi olaraq, əhali üzrə təbii qazın aşağı tariflə illik istehlak həcmi təxminən 30 faiz olaraq 1700 kubmetrdən 2200 kubmetrədək artırılıb. Eyni zamanda, qazlaşdırma işləri nəticəsində ölkə üzrə qazlaşma səviyyəsi 95,7 faizə çatdırılıb. Ümumi qoyuluş gücü 400 meqavat “Şimal 2” elektrik stansiyası istismara verilib, həmçinin ötən ilin avqust ilə müqayisədə bu ilin eyni ayında elektrik enerjisinin istehsalı 200 milyon kilovat/saat və ya 10,5 faiz artaraq 2,14 milyard kilovat/saat elektrik enerjisi istehsal edilib.

Müzakirə zamanı, həmçinin bildirilib ki, bu yol xəritəsinin əsas istiqaməti kimi kommunal xidmətlər sektorunun tənzimlənməsində dayanıqlığın və effektivliyin təmin edilməsi, tam şaxələndirilmiş və ekoloji baxımdan təmiz elektrik enerjisi istehsalının təmin edilməsi, dünya üzrə orta səmərəlilik və keyfiyyət standartlarının tətbiqi və məqsədlərə nail olmaq üçün mexanizmlərin işə salınması nəzərdə tutulur. Eyni zamanda, səmərəli və effektiv qazpaylama infrastrukturunun inkişafı, yüksək səviyyəli su idarəetmə strukturunun yaradılması, su təchizatında itkilərin azaldılması və səmərəliyin təmin edilməsi, dayanıqlı və etibarlı istilik təchizatı infrastrukturunun yaradılması tədbirləri zəruri addımlar kimi qeyd edilib.

İcraçı qurumlarla mütəşəkkil qaydada aparılan islahatlar nəticəsində bu ilin yanvar-iyun aylarında “Azərişıq” ASC-yə, “ASAN xidmət”, “ASAN Kommunal” və elektron qaydada müraciət edən vətəndaşların sayında ötən ilin eyni ayları ilə müqayisədə 2 dəfədən çox, sahibkarların sayında isə 3 dəfəyədək artım olub. Həmçinin bu ilin 7 ayında müraciət edən sahibkarların 2800-nin obyektinə elektrik sayğacı qoyulub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfədək çoxdur. Bu sahədə islahatlar, Azərbaycanın “Doing Business” hesabatında irəliləməsinə də təsirini göstərməkdədir. Belə ki, “Elektrik təchizatı şəbəkələrinə qoşulma” indikatoru üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə 28 pillə irəliləyiş olub.

Qeyd edək ki, “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nə dair müzakirələrdə Prezident Administrasiyası, Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, Tarif (qiymət) Şurası, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, SOCAR, “Azərenerji” ASC, “Azərişıq” ASC, “Azəristiliktəchizat” ASC və “Azərsu” ASC-nin nümayəndələri iştirak edib.

Azvision.az


Teqlər:





Xəbər lenti