Simvolizm bəla kimi - Şəlalə Göytürkün yazısı

      Simvolizm bəla kimi    - Şəlalə Göytürkün yazısı
  17 Sentyabr 2019    Oxunub:7755
Simvolizm - bizdə təkcə ədəbi-estetik cərəyan olmaqla məhdudlaşmayıb. O, həm də məişət hadisəsinə çevrilərək, insanların gündəlik həyatında özünə möhkəm yer tutub. Simvolizm hansısa fikir və ya hərəkətin birbaşa yox, məcazi mənada, dolayısı ilə sətiraltı ifadə olunmasıdır.
Məsələn, məişət simvolizminə aid bir nümunə:
- Necəsən?
- Sən soruşandan yaxşıyam.
Burada "sən soruşandan" söz birləşməsi üstüörtülü, kinayəli idiomdur, yəni, "çoxdandır, hal-əhval turtmursan" anlamını verərək, əslində, yersiz inciklik, bayağı giley-güzar ifadə edir.

Simvolizm - şifahi nitqdə işarələr, eyhamlar, frazeoloji birləşmələr vasitəsilə yaşayır. Özü-özlüyündə koloritli, yaradıcı görünsə də, simvolik düşüncə tərzinin xeyli zərərli tərəfləri var.

Simvolik düşünməyə və hərəkət etməyə adət etmiş adamın real həyata adaptasiyası çətin olur. Simvolizmlə yaşayan biri gerçəkliyə anındaca dəqiq, operativ və obyektiv reaksiya vermə qabiliyyətindən məhrumdur. Tutalım, simvolistin yanında təsadüfən öskürsən, elə biləcək ki, ona nə isə demək istəyirsən. "Stajlı" simvolist hətta bir az "irəli" gedib, bu öskürəyi özünə təhqir və ya kompliment kimi də yoza bilər.

Küçədə, parkla qızla tanış olmaq arzusunda olan statistik oğlanın hərəkətlərinə fikir versək, görərik ki, o, xanıma normal qaydada yaxınlaşıb xoş söz demək əvəzinə, min cür hoqqa törədib, əcaib səslər çıxarır.

Feysbukda ürək formalı “bəyəndim” işarəsi çıxandan bəri ölkəmizdə neçə ailə dağılıb, neçə sevgili qovuşmadan ayrılıb. Qərbli mühəndis nə bilsin ki, şərqli bu “ürək”də neçə paslı mismar bulacaq?

Şərqin ən böyük simvolist mərasimlərindən biri də Həccdə şeytan daşlama ayinidir. Min illərdi ərəb səhrasında şeytana ağır dərəcəli xəsarətlər yetirən müsəlmanlardan soruşuram: Sizin bu əməlinizin Səudiyyə Ərəbistanına hər il milyonlarla dollar qazandırmaqdan başqa hansı nəticəsi olub?

Simvolik ayin və hərəkətlər bölgədən-bölgəyə fərqlənir. Bizdəki nişan üzüyü, başlıq pulu, şadlıq sarayı, 3,7, 40, hündür hasar, yekə maşın, diplomlu gəlin, qalstuklu kişi, başıaşağı qız və s. kimi həyat fenomenləri məhz ideallaşmış simvolizm nümunələridir.

Simvolizm – elə bir dil və şüur hadisəsidir ki, insanlararası münasibətləri darmadağın edərək, fəlakətə çevrilir.

Bir neçə il əvvəl çayxanaların birində çaynikin lüləyini müştəriyə tuş vəziyyətdə qoyan ofisiantı bıçaqlamışdılar. Bax, ölkəmizdə belə anormal məntiqlə yaşayan insanlar var, hansısa şizofrenin uydurduğu axmaq qayda-qanuna “adət-ənənə” deyib, möhkəm sarılırlar. Simvolika lüğətində bütün gözəlliklər eybəcərlik kimi, eybəcərliklər isə gözəllik kimi rahat təqdim oluna bilər. Anasını sevgilisinə dəyişməyən oğlanların məmləkətində “nude art” incəsənət deyil, əxlaqsızlıqdır.

Bütün Şərq dünyasının gedib-gələn nəfəsi simvolika üzərində bərqərar olub. Şərqin ədəbiyyatını, mədəniyyətini, ictimai həyatını simvolika olmadan təsəvvür etmək mümkün deyil. Şərq yazıçısı, şairi əsərində oxucuya bir mətləbi qandırmaq üçün məsələyə uzun-uzadı eyham, işarələr vurur, kosmosa astral səyahət edib qayıdır, qışı yola salıb, yaza çıxandan sonra müdrik bir arxayınlıqla söhbətə qədəm qoyur. Şair göz vurmaqdan həlak olur, mövzunu birbaşa qavramağa vərdiş etmiş realist oxucu yenə də qanmır ki, qanmır.

Məsələn, belə əsərləri oxuyub “savadlanan” bir ata oğlunu çörək almağa göndərəndə uşağa “yolun sağı ilə get, çünki sol tərəf çala-çuxurdu” cümləsini birbaşa, sərrast deyə bilməyəcək, uşağı başa salmaq üçün yarım saat “Qabusnamə”dən giriş verib, bir saat da “Əxlaqi-Nasiri”dən nəsihət üyüdəcək. Məsələn, belə:
“Bala, sözlərimə yaxşı qulaq as, ata nəsihəti faydasız olmaz, bir gün bir padşah öz oğlunu çörək almağa göndərmək istəyirdi” və s.

Boşboğazlıq, çərənçilik, bir cümləni iyirmi dörd mənaya yozma - bunların hamısı simvolizm tör-töküntüsüdür.

Simvolizmin şərq dünyasını başına götürməsinin ən yekə səbəbi isə islam dinindən, konkret olaraq, onun müqəddəs kitabı olan Qurandan gəlir. Belə ki, Quranda qeyd olunan mücərrəd mənalı bir sözün hansı səmtə yozulması üzərində fikirlər haçalanıb, məzhəblər ayrılıb, əsrlərlə bitmək bilməyən mübahisələr, müharibələr olub, qan-su yerinə axıb. Məsələn, Quranda yazılan “Ənə-əl həqq, (ənəlhəqq)”– (həqq mənəm) kəlməsi islam aləmində indinin özündə də silahlı münaqişələrə səbəb olur. Mötədil islamçılar “ənəlhəqq” kəlməsini allahın söylədiyini, reformistlər (Reformistlər- xüsusən, sufi təriqətləri olan hürufilər, ismaililər, bəktaşilər və s.) isə bu ifadənin Məhəmməd peyğəmbərin insanlara müraciəti olduğunu iddia edirlər. Yəni, peyğəmbər “insanlara haqq mənəm, haqq məndədir” deyə xitab edərək, onları öz yoluna dəvət edirdi. Xüsusilə, hürufilər bu fikrin üzərində dayanmaqla, peyğəmbərin simasında insanın həqq olduğu düşüncəsini qabardırdılar. Yəni, insan haqdır, yaradıcıdır, müqəddəsdir. Bu mənada, Hürufizm – şərqin ilk sistemli antroposentrik fəlsəfi təlimi idi. “Ənəlhəqq”çilərin aqibəti isə hamıya məlumdur. Radikal islamçılar onları atın quyruğuna bağlayıb sürüdü, dərilərini soydular.

Qısası, bu qədər həngamənin başında kosmik düşüncə baxımından əhəmiyyətsiz bir sual durur:
“Ənəlhəqq”i kim deyir? Allah yoxsa Məhəmməd?
İslam aləmində hələ də bu sual üstündə qardaş qardaşı öldürür.

Şəlalə Göytürk
Azvision.az üçün



Teqlər: Simvolizm   Təfəkkür   Mentalitet   Şərq  





Xəbər lenti