Yaşayış binalarında əlillərlə bağlı monitorinq aparılacaq

Yaşayış binalarında əlillərlə bağlı monitorinq aparılacaq
  13 Sentyabr 2019    Oxunub:1702
Azərbaycanda infrastruktur obyektlərinin və yaşayış binalarının istismar zamanı əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılmasını təmin etmək məqsədilə yerli icra hakimiyyəti orqanları tərəfindən yarımildə ən azı 1 dəfə monitorinqin aparılması təmin ediləcək.
Azvision.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “İnfrastruktur obyektlərinin və yaşayış binalarının layihələndirilməsi və tikintisi zamanı əlilliyi olan şəxslərin tələbatının nəzərə alınmasına, istismarda olan infrastruktur obyektlərinin və yaşayış binalarının əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılmasına nəzarət Qaydası”nda əksini tapıb.

Bu qayda infrastruktur obyektlərinin, yaşayış binalarının layihələndirilməsi və tikintisi zamanı əlilliyi olan şəxslərin tələbatının nəzərə alınmasına, o cümlədən istismarda olan infrastruktur obyektlərinin və yaşayış binalarının əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılmasına nəzarətin həyata keçirilməsini müəyyən edir və tənzimləyir. Əlilliyin növündən, formasından və ağırlıq dərəcəsindən asılı olmayaraq, yaşadığı yerdə layiqli həyat sürməsi üçün infrastrukturun və yaşayış binalarının əlilliyi olan şəxsə müyəssərliyinin təmin edilməsi və əlilliyi olan şəxslərin digərləri ilə bərabər səviyyədə cəmiyyətin həyatında tam və səmərəli iştirakına şəraitin yaradılması istiqamətində nəzarət aşağıda göstərilən qaydada həyata keçirilir:

1. infrastruktur obyektlərinin və yaşayış binalarının əlilliyi olan şəxslərə müyəssər olması məqsədilə layihələndirmə üzrə şəhərsalma və tikintiyə dair normativ sənədlərin təkmilləşdirilməsinə, mütəmadi olaraq yeniləşdirilməsinə və beynəlxalq standartlara uyğunlaşdırılmasına nəzarət Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həyata keçirilir. Həmin sənədlərdə əlilliyi olan şəxslərin yaşayış binalarından, o cümlədən pilləkənlərdən, pilləkən qəfəslərindən, çıxış və girişlərdən, dəhlizlərdən, açıq keçidlərdən, rampalardan, liftlərdən, mənzillərin giriş qapılarından rahat və təhlükəsiz istifadə edə bilməsi nəzərə alınmalıdır.

2. yaşayış binalarının və infrastruktur obyektlərinin, o cümlədən yol-nəqliyyat, rabitə, informasiya, mədəniyyət, məişət və digər sosial obyektlərin əlilliyi olan şəxslərin istifadəsi üçün uyğunlaşdırılmasına dair tələblər həmin binaların və obyektlərin layihələndirilməsi zamanı layihəçi tərəfindən nəzərə alınmalıdır,

3. infrastruktur obyektlərinin və yaşayış binalarının layihələndirilməsi zamanı şəhərsalma və tikintiyə dair normativ sənədlərin müddəalarının tətbiqinə nəzarət Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 348 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”na uyğun olaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən həyata keçirilir,

4. infrastruktur obyektlərinin və yaşayış binalarının tikintisi zamanı əlilliyi olan şəxslərin tələbatının nəzərə alınması üçün tikinti işlərinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun aparılmasına nəzarət Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na uyğun olaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən həyata keçirilir. İnfrastruktur obyektlərinin və yaşayış binalarının istismar zamanı əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılmasına nəzarət yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

İnfrastruktur obyektlərinin və yaşayış binalarının istismar zamanı əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılmasını təmin etmək məqsədilə yerli icra hakimiyyəti orqanları tərəfindən yarımildə ən azı 1 (bir) dəfə monitorinqin aparılması təmin edilir.

Monitorinq zamanı müvafiq infrastruktur obyektlərinin və yaşayış binalarının əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılması məqsədilə həmin obyektlərə vizual və ya tələb olunduğu hallarda instrumental baxışlar keçirilərək, obyektlərin mövcud vəziyyətinin qiymətləndirilməsi həyata keçirilir. Monitorinqin nəticələri əsasında əlilliyi olan şəxslərin tələbatını ödəməyən obyektlərin və binaların siyahısı və tələb olunduğu hallarda həmin obyektlərə və binalara dair yenidənqurma işlərinin aparılması ilə bağlı təkliflər hazırlanır. Monitorinqin nəticələri qaydaya uyğun olaraq rəsmiləşdirilir. Monitorinqin nəticələrindən, habelə müvafiq qurumun hərəkət və hərəkətsizliyindən inzibati və məhkəmə qaydasında şikayət verilə bilər.

Azvision.az



Teqlər: Əlil  





Xəbər lenti