“Güzəştli mənzil” sistemi təkmilləşdirilir

  10 Sentyabr 2019    Oxunub : 930
“Güzəştli mənzil” sistemi təkmilləşdirilir
“Elektron Hökumət” portalı üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə bu il iyulun 12-də və 14-də həyata keçirilmiş onlayn mənzil seçimi prosesi başa çatıb. Seçim prosesi yekunlaşdıqdan sonra nüfuzlu beynəlxalq audit şirkəti “Ernst & Young” “Güzəştli mənzil” sistemini kompleks audit yoxlamalarından keçirərək sistemdə aparılmış bütün əməliyyatları hərtərəfli təhlil edib və öz müsbət “SOC 3” rəyini verib.
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) İctimaiyyətlə əlaqələr sektorundan Azvision.az -a bildirilib ki, MİDA tərəfindən istifadəyə verilmiş “Güzəştli mənzil” sistemi Azərbaycanda “SOC 2” və “SOC 3” rəylərini almış ilk və yeganə elektron sistemdir. Bu, sistem vasitəsilə göstərilən xidmətlərin təşkilinin nəzarətdə olmasını, mənzillərin satışı zamanı “Güzəştli mənzil” sisteminin hər bir istifadəçisinə bərabər seçim şəraitinin yaradılmasını, şəffaflığın və operativliyin təmin edilməsini təsdiqləyir.

Bununla yanaşı, “Amerika Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutu”nun (AICPA) müəyyən etdiyi təhlükəsizlik, konfidensiallıq, proseslərin bütövlüyü (tam, etibarlı və dəqiq), əlçatanlıq və fərdi məlumatların qorunması kimi tələblərinə uyğun olaraq “Güzəştli mənzil” sistemindən istifadə zamanı vətəndaşların rahatlığını təmin etmək məqsədilə müvafiq təkmilləşdirilmə işləri Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən müntəzəm olaraq davam etdirilir.

Qeyd edilən tələblərdən biri də mənzil seçimi prosesində iştirak edən istifadəçilər tərəfindən “CAPTCHA” (simvollardan ibarət avtomatlaşdırılmış kod) kodunun daxil edilməsi ilə bağlıdır. “Güzəştli mənzil” sistemində tətbiq edilən bu yenilik mənzil seçimi zamanı şəffaflığın təmin olunması, bərabər şəraitin yaradılması prinsipinin qorunub saxlanılmasına imkan verəcək, eyni zamanda, sistemin təhlükəsizliyini daha da möhkəmləndirəcək.

Azvision.az

Teqlər: MİDA