Əsrin 25 ili - Qara qızıldan Ağ günə

   Əsrin 25 ili -    Qara qızıldan Ağ günə
  06 Sentyabr 2019    Oxunub:2252
“Uzun illər, yəni üç ildən artıq aparılan iş, mən hesab edirəm ki, müsbət nəticə verib. Aydındır, mən bunu dəfələrlə bəyan etmişəm, bu gün də - layihə hazır olandan və bu barədə qərar qəbul edəndən sonra da demək istəyirəm ki, biz indi də, gələcəkdə də Azərbaycanın təbii sərvətlərindən, xüsusən, ən böyük təbii sərvətimiz olan neft yataq-larından çox ehtiyatlı, səriştəli istifadə olunmasına çalışmalıyıq. Çalışmalıyıq ki, bu sərvətlərdən Azərbaycan xalqının bu günü və gələcəyi üçün maksimum mənfəət götürək”.
Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Qərb ölkələrinin neft şirkətləri ilə bağlanacaq saziş ilə əlaqədar keçirdiyi brifinqdə jurnalistlər qarşısında bəyanatında deyilir. Bəli, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra onun qarşılaşdığı iqtisadi çətinliklərin həlli yollarından biri də məhz neft və qaz hasilatının artırılması idi. Belə bir çətin şəraitdə ikinci dəfə hakimiyyətə gələn, ağır vəziyyətə salınmış bir dövlətə başçılıq etməyə başlayan Heydər Əliyev nəinki bu dövləti qoruyub saxlamağa və dirçəltməyə nail oldu, o, həm də dünya ictimaiyyətini yeniləşmiş Azərbaycanla hərtərəfli əməkdaşlığın perspektivli olduğuna inandıra bildi. Onun tapşırığı ilə xarici neft şirkətlərini Azərbaycanın neft sənayesinə birgə işə cəlb etmək üçün müxtəlif səviyyələrdə danışıqlar aparılmağa başlandı. Bunun nəticəsi olaraq “Əsrin Müqaviləsi” ərsəyə gəldi. Yeni müstəqil dövlətin sərvətləri bir çox ölkələri cəlb edirdi. Resurslar uğrunda böyük dövlətlər aydın formada olmasa da ölkələrə müdaxilə edərək bir-biri arasında savaş aparırdılar. Demək olar ki, dünyanın bütün regionlarında təbii ehtiyatların bölgüsü prosesi gedirdi. Bunu gizlətmək mümkün deyildi. Belə bir şəraitdə Azərbaycan dünyanın nəhəng dövlətlərini təmsil edən şirkətlərlə milli maraqlara uyğun saziş imzaladı. Dünyanın ən tanınmış neft şirkətləri məhz Ulu Öndərin qətiyyətinə, dövlətçilik təcrübəsinə, beynəlxalq aləmdəki nüfuzuna arxalanaraq Azərbaycanda konsorsium yaratdılar və "Azəri-Çıraq-Günəşli” (AÇG) kimi nəhəng yataqların işlənməsi üçün sərmayə yatırdılar.

Təkcə Azərbaycan yox, Qərb dövlətləri, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üçün də böyük strateji əhəmiyyət daşıyan “Əsrin müqaviləsi” ilə dünyanın neft sənayesi tarixində yeni bir dönəm başlandı. Digər tərəfdən, bu müqavilə sonralar dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanmasına yol açaraq ilk növbədə Azərbaycan dövlətinin qüdrətlənməsinə və xalqımızın rifahının yüksəlməsinə, inkişafa əsas vəsilə oldu. Xarici şirkətlərin birgə əməkdaşlığı ilə hasil edilən Azərbaycan nefti ölkəmizin dünyada bir növ tanıtım nişanı oldu. Bu müqavilə Azərbaycanın bir dövlət kimi dünyada ad çıxarmasına, dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə şərait yaratdı.

“Əsrin müqaviləsi”ndən sonra antiazərbaycançı dairələr Bakı-Tbilisi-Ceyhan neft kəmərinə qarşı piara başladılar. Lakin bu layihənin icrasına qarşı yönəlmiş bütün siyasi-iqtisadi oyunlar nəticəsiz qaldı və BTC qısa müddətdə inşa olundu. Bu boru kəmərinin inşasının uğurla başa çatdırılması ümummilli lider Heydər Əliyevin siyasi xəttini böyük bacarıqla davam etdirən Prezident İlham Əliyevin qətiyyətisayəsində mümkün oldu
Ümumiyyətlə, “Əsrin müqaviləsi”nin həyata keçirilməsi ilə Azərbaycan iqtisadiyyatında çox ciddi dönüş yarandı, böyük işlərə və iri 35 layihələrə start verildi. Başlıca məqsədi milli iqtisadiyyatın dirçəldilməsi olan neft strategiyasının reallaşdırılmasından əldə edilən valyuta isə ümummilli lider Heydər Əliyev tərəfindən yaradılmış Dövlət Neft Fondunda toplanaraq ölkənin taleyüklü məsələlərinin və sosial problemlərin həllinə yönəldilirdi. “Əsrin müqaviləsi” üzrə hasil edilən Azərbaycan neftinin dünya bazarlarına ixracı üçün ilkin dövrlərdə buraxıcılıq qabiliyyətləri ildə 5 milyon ton olan Bakı-Novorossiysk və Bakı-Supsa neft boru kəmərlərindən istifadə edilirdi.

Hər zaman olduğu kimi, balanslaşdırılmış siyasət yürüdən Azərbaycan Respublikasının təşəbbüsü ilə bu dövrdə Şimal istiqamətində uzunluğu 231 km olan neft kəməri bərpa və inşa edildi. 1997-ci ilin oktyabrında Azərbaycan nefti Novorossiysk limanına (Rusiya Federasiyasına) nəql olundu. Paralel olaraq Qərb istiqamətində uzunluğu 837 km olan Bakı-Supsa boru kəməri inşa edilərək, 1999-cu ilin aprelində istismara verildi. Statistik araşdırmalardan aydın olur ki, 2005-ci ilin yanvarına kimi qeyd edilən kəmərlərlə 48,7 milyon ton neft dünya bazarlarına çıxarılmışdı. Eyni zamanda, 1997-ci ildə respublikada neft hasilatı 9 milyon ton olduğu halda, 2003-cü ildə bu göstərici 15,3 milyon tona yüksəldilmişdi. Təbii ki, ölkədə neft hasilatının ilbəil artımı yeni ixrac boru kəmərinin çəkilişini zəruri edirdi. Müqaviləyə daxil olan yataqlar üzrə illik hasilatın tezliklə 50 milyon tona çatdırılacağını nəzərə alan ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə daha böyük nəqletmə imkanına malik ixrac marşrutları araşdırıldı və optimal variant kimi Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri seçildi. Beləliklə, 1999-cu ilin noyabrında Türkiyənin İstanbul şəhərində ATƏT Sammiti çərçivəsində keçirilən görüşdə ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistan prezidentləri tərəfindən Bakı-Tbilisi-Ceyhan (BTC) “Əsas İxrac Neft Kəməri”nin çəkilişi haqqında dövlətlərarası müqavilə imzalandı. 2002-ci il sentyabrın 18-də isə Bakıda, Səngəçal terminalında ümummilli lider Heydər Əliyevin, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin təməl daşı qoyuldu və tikintisinə başlanıldı. 2004-cü ilin oktyabrında BTC-nin Azərbaycan hissəsi Gürcüstan hissəsi ilə birləşdirildi. BTC layihəsinin həyata keçirilməsində fenomen siyasətçi Heydər Əliyevin xidmətləri əvəzsiz idi. Layihə iştirakçıları bütün bunları nəzərə alaraq 2004-cü ildə BTC əsas ixrac boru kəmərinə Heydər Əliyevin adının verilməsi barədə qərar qəbul etdilər.

Artıq 25 ildir ki, “Əsrin müqaviləsi” uğurla icra edilir. 2017-ci ildə Azərbaycanda iki milyard ton neft hasil edilməsi təntənəli şəkildə qeyd olundu. Bu həcmin 700 milyon tonu müstəqillik dövründə hasil edilib ki, onun da 460 milyon tondan çoxu konsorsiumun payına düşür. Azərbaycanın yeni neft strategiyasının reallaşdırılması sayəsində şaxələndirilmiş nəql marşrutlarına nail olması da strateji önəm daşıyır. 1999-cu ildə Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəməri tikilib. 2006-cı ildə isə Bakı-Tbilisi-Ceyhan neft kəməri istifadəyə verilib. Bakı-Tbilisi-Ceyhan bu gün nəinki Azərbaycan üçün, eyni zamanda, Xəzər sahilinin şərq hissəsində yerləşən ölkələr üçün də mühüm ixrac boru kəməri funksiyasını yerinə yetirir. “Əsrin müqaviləsi” və digər kontraktlar çərçivəsində ölkəmizə gələn neft gəlirləri gələcək inkişaf baxımından prioritet sayılan sahələrə, o cümlədən də iqtisadiyyatın diversifikasiya edilməsinə, ağırlıq mərkəzinin tədricən qeyri-neft sektoruna istiqamətləndirilməsinə yönəldilir ki, bütün bunlar da son nəticədə respublikanın dinamik sosial-iqtisadi inkişafında öz əksini tapır. Yeni əsrin kontraktı Azərbaycanın qarşısında daha geniş imkanlar açır.

Ulu öndər Heydər Əliyevin müdrikliklə işləyib hazırladığı və təməlini qoyduğu yeni neft strategiyasının son 16 ildə Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılması sayəsində hər cəhətdən güclü dövlətə çevrilən Azərbaycanın həyatında 2017-ci il sentyabrın 14-də daha bir əlamətdar hadisə yaşandı. Bəhs olunan tarixdə Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirilib. Sazişin imzalanması ilə böyük ehtiyatlara malik “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsində yeni mərhələ başlayıb. Biz yuxarıda “Əsrin müqaviləsi”nin müstəqillik illərində ölkəmizin inkişafında oynadığı mühüm rol barədə qısa söhbət açdıq. Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişdə də Azərbaycanın milli maraqları maksimum dərəcədə nəzərə alınıb. Sazişin imzalanması mərasimində vurğulandığı kimi, yeni sənəd Azərbaycan üçün daha yaxşı şərtlərlə hazırlanıb.

Yeni Saziş çərçivəsində “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılıb. Sənədə əsasən, xarici investorlar tərəfindən ölkəmizə 3,6 milyard dollar həcmində bonus ödəniləcək və artıq prosesə başlanılıb. Yeni Sazişin imzalanması beynəlxalq şirkətə çevrilən SOCAR-ın imkanlarının daha da genişlənməsi baxımından da çox önəmlidir. Məlumdur ki, SOCAR artıq transmilli layihələrdə, o cümlədən beynəlxalq emal və kimya layihələrində, qlobal neft və qaz ticarətinin genişlənməsində fəal iştirak edir. Müasir qlobal infrastrukturun qurulması şirkətin dünya brendinə çevrilməsinin əsas şərtlərindən biri olub. Yeni Sazişə əsasən, SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılıb və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək.

Ümumiyyətlə, ölkəmizin enerji təhlükəsizliyi sahəsində uğurlu əməkdaşlıq münasibətləri və praqmatik siyasəti real və konkret nəticələr verib. Bu müddət ərzində Xəzərdə uğurlu beynəlxalq əməkdaşlıq Azərbaycana böyük dividendlər gətirib. Ölkənin neft sənayesinə irihəcmli investisiya qoyuluşu təmin edilib, yeni texnologiyaların tətbiqinə başlanılıb. “Əsrin müqaviləsi” çərçivəsində əldə olunan gəlirlər Azərbaycanın maliyyə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Azərbaycan qısa müddətdə investisiya idxal edən ölkədən sərmayə ixrac edən ölkəyə çevrilib.

İndi Azərbaycanda qeyri-neft sektoru getdikcə şaxələnməkdədir. Kənd təsərrüfatında, eləcə də digər sahələrdə nəzərəçarpan irəliləyişlər əldə olunub. Onların da əsasında neftdən əldə olunan gəlirlər dayanır. Beləliklə, “Əsrin müqaviləsi” Azərbaycanın dövlətçilik tarixində mühüm hadisələrdən biridir. O, faktiki olaraq, dövlət quruculuğunun yeni mərhələyə qədəm qoymasını ifadə edən faktordur. Buprosesin geosiyasi aspektdə çox vacib cəhəti ondan ibarət idi ki, Azərbaycan müstəqil dövlət quruculuğunu beynəlxalq aləmdə nüfuzunu sürətlə yüksəltməklə inkişaf etdirdi. Bu illər ərzində Azərbaycan etibarlı tərəfdaş obrazı formalaşdırıb. Dünyanın nəhəng enerji şirkətlərinin hər biri Bakı ilə əlaqələrin qurulmasına can atır. Bu prosesin əsasını Ulu Öndər Heydər Əliyevin uzaqgörən neft strategiyası qoyub. Hazırda onu Prezident İlham Əliyev böyük uğurla inkişaf etdirməkdədir.

Yazı “SOCAR-AQŞ” MMC və Azərbaycan Mətbuat Şurasının “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyi münasibətilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: SOCAR  





Xəbər lenti