Birinci Xanımdan daha artıq - SİYASİ PORTET

  26 Avqust 2019    Oxunub : 8172
 Birinci Xanımdan daha artıq - SİYASİ PORTET
Azərbaycanda Mehriban Əliyevaya qədər sözün əsl anlamında birinci xanım olmamışdı. Prezidentlərin həyat yoldaşları olmuşdu, amma məhz Birinci Xanımlar yox. Bir qadının prezidentin ömür-gün yoldaşı olması başqadır, onunla yanaşı dövlət yükünün bir hissəsinin altına çiynini verməsi isə başqa.
Qısa tarixi təcrübəsindən Azərbaycan cəmiyyəti də yaxşı bilirdi ki, Prezidentin həyat yoldaşı və birinci xanım – bunlar əslində ayrı-ayrı anlayışlardır. Birinci xanımlıq xüsusi bir siyasi-ictimai statusdur. Onun dövlət idarəçiliyində ayrıca yeri və rolu var. Amma bir qədər fərqli şəkildə. Əgər dövlətin başçısı güc və iradə mərkəzidirsə, birinci xanım gözəllik və zəriflik mərkəzi olmalıdır. Birinci Şəxs dövlətin simasıdırsa, Birinci Xanım dövlətin yumşaq güc, humanizm və şəfqət üzüdür.

Azərbaycanda birinci xanımlıq institutunu ilk dəfə formalaşdırmaq tarixi missiya idi və bu yük Mehriban Əliyevanın üzərinə düşdü. O, Azərbaycanın özünəməxsus - nə sırf Şərq, nə də sırf Qərb modellərini təkrarlamayan birinci xanım obrazını yaratmalı idi. Elə obraz ki, hər bir insan tərəddüdsüz qəbul etsin: “Bəli, Azərbaycanın Birinci Xanımı məhz belə olmalıdır”.

Mehriban xanım bu tarixi missiyanın öhdəsindən gəldi - Azərbaycanda özünəməxsus, fərqli birinci xanım obrazını və birinci xanımlıq İnstitutunu yaratdı.

Birinci xanımlıq – böyük missiyadır. Əvvəla, bu sima Azərbaycanı dünyada təmsil edir. İkincisi, o, həm dünyada, həm də ölkə daxilində humanitar sferada dövlətin siyasətini tamamlayır. Hakimiyyətin sadə insana qayğı fəlsəfəsinin Üzüdür o.

Obrazlı desək, dövlət başçılarının imicində bir Ata zəhmi olmalıdırsa, birinci xanımda da Ana şəfqəti və qayğıkeşliyi olmalıdır. Azərbaycanda minlərlə insanın Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fonduna ümid yeri kimi baxması bu obrazın həqiqətən də cəmiyyətin şüurunda möhkəmləndiyini təsdiqləyir. İnsanlar onu qayğı, mərhəmət simvolu kimi qəbul edirlər. Və bu yanaşma da hər dəfə təsdiqlənir.

Mehriban Əliyeva öz yaşam və təfəkkür tərzi ilə Azərbaycan qadını üçün bir modeldir. Həm çox müasir, həm milli adətlərə bağlı; həm çox savadlı, həm adi insanlarla danışıb, onları anlayacaq qədər sadə; həm gözəl, həm ciddi; həm kübar və alicənab, həm də sadə və təvazökar... İdeal halda Azərbaycan qadını yəqin ki, belə olmalıdır və Mehriban xanım öz obrazı ilə bu idealı cəmiyyətə təqdim edir. Görmək çətin deyil ki, ölkədə qadınların əksəriyyəti nədəsə ona bənzəməyə çalışırlar, demək olar, hər bir qadın onun hansısa cəhətini götürür, təkrarlamağa çalışır. Yəni birinci xanım obrazı cəmiyyət üçün artıq bir ideala, etalona çevrilib, ictimai şüurda öz yerini tutub.

Amma bunlardan başqa, Mehriban Əliyeva həm də çox fəal ictimai, son illərdə isə üstəlik, siyasi və dövlət xadimdir. Yəni sadəcə Birinci Xanım olmaqdan daha artıqdır.

Bu gün istər dünyada, istərsə də ölkə daxilində Mehriban Əliyeva birinci xanım obrazında sözün həqiqi mənasında qeyri-adi populyarlığa malikdir. O, dünyadakı birinci xanımların arasında hər baxımdan seçilir. Əvvəla, ictimai-siyasi fəallıq, dövlət işlərində oynadığı rol baxımından heç bir “first lady” Mehriban Əliyeva ilə müqayisə oluna bilməz. Adətən iri dövlətlərdə birinci xanımların fəaliyyəti bir neçə xeyriyyə fondu ilə əməkdaşlıqdan o yana keçmir. Azərbaycanın birinci xanımı üçün isə “birinci” sözü təkcə status deyil, həm də fəaliyyəti ilə qazandığı yer və mövqedir. O, təkcə taleyin sayəsində birinci olmayıb, fəaliyyəti ilə də bu birinciliyi qazanıb. Yəni sözün həqiqi mənasında birincidir. Və elə həm də sözün həqiqi mənasında xanımdır – gözəl, qayğıkeş, əsl Azərbaycan xanımı!

Vüsal Məmmədov
Azvision.az

Teqlər: Mehriban-Əliyeva   Birinci-xanım