Azərbaycan Cənubi Koreya ilə birgə layihəyə başlayır

Azərbaycan Cənubi Koreya ilə birgə layihəyə başlayır
  24 Avqust 2019    Oxunub:1496
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan Ofisinin dəvəti ilə Bakıda səfərdə olan Koreya Regionların İnkişafı İnstitutu və Kooperativ İnkişaf İnstitutunun nümayəndə heyəti ilə Kənd Təsərrüfatı Nazirliyi, eləcə də Nazirliyin tabeli qurumları “Aqrar Tədarük və Təchizat” ASC, Aqrar Tədqiqatlar Mərkəzi, Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndələri arasında görüş keçirilib.
Qurumdan Azvision.az -a verilən məlumata görə, görüşün keçirilməsində məqsəd 5-23 avqust tarixlərində ölkəmizdə səfərdə olan Koreya nümayəndə heyətinin səfərinin yekunlarını müzakirə etmək olub.

Görüşdə qeyd olunub ki, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə KOICA arasında uzunmüddətli əməkdaşlığın təməlinin qoyulduğu bu səfər zamanı Koreya nümayəndə heyəti tərəfindən Azərbaycanın kənd təsərrüfatı sektoru və mövcud bazar vəziyyəti ilə bağlı təhlillər aparılıb, kənd təsərrüfatı sahəsində gələcək əməkdaşlıq imkanları araşdırılıb. Görüş zamanı koreyalı mütəxəssislər müşahidə və araşdırmalarının nəticələrini azərbaycanlı həmkarları ilə bölüşüblər.

Görüşdə ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində mövcud olan əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi qeyd olunub. Əldə olunan ilkin razılığa əsasən 2021-ci ildən etibarən uzunmüddətli və birgə layihəyə start veriləcək. Ölkəmizdə çəltikçiliyin inkişafına xidmət edəcək layihə çərçivəsində çəltikçilik kooperativlərinin yaradılması və inkişaf etdirilməsi nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, ölkəmizdə olduqları müddətdə koreyalı mütəxəssislər cənub bölgəsinə səfər edib, Lənkərandakı çəltik tarlalarına baş çəkib, düyünün becərilməsi və istehsal prosesi ilə yerində tanış olublar.

Düyü istehsalında uzunmüddətli təcrübəsi olan Koreya ilə əməkdaşlıq ölkəmizdə bu sektorun inkişafı üçün yeni imkanlar yaradacaq. Həmçinin, fermerlərdən ibarət kooperativlərin yaradılması və inkişaf etdirilməsində Koreya təcrübəsindən faydalanmaq regionlarda yaşayan insanların sosial rifahının yaxşılaşdırılması məqsədi ilə görülən işləri sürətləndirəcək.

Azvision.az


Teqlər: KOICA  





Xəbər lenti