Buzun altında gizlənənlər: Qrenlandiya ABŞ-ın nəyinə lazımdır? – TƏHLİL

      Buzun altında gizlənənlər:    Qrenlandiya ABŞ-ın nəyinə lazımdır? –    TƏHLİL
  23 Avqust 2019    Oxunub:16565
ABŞ prezidenti Donald Tramp dünyanın ən böyük adası olan Qrenlandiyanı Danimarkadan satın almaq üçün müraciət etsə də, baş nazir xanım Mette Frederiksen bu təklifin absurd olduğunu və Qrenlandiyanın satılmadığını bildirib. Məhz bu səbəbdən Tramp Danimarka krallığına planlaşdırılan səfərini təxirə salıb. Özünün Twitter hesabında Ağ evin rəhbəri bildirib ki, “Danimarkada çox gözəl insanlar yaşayırlar, ancaq Qrenlandiya satılmırsa, o zaman görüş də daha uyğun vaxtda keçirilər”.
Şimal Buzlu Okeanındakı 2 milyon kvdrat kilometr ərazisi, 56 min əhalisi olan, ərazisinin 80 faizi buzla örütülü adanı satın almaq ideyası ilk baxışda nə qədər qeyri-ciddi və absurd ideya kimi görünsə də, məsələnin daha dərin təhlili göstərir ki, Vaşinqtonun ada ilə bağlı iddiaları tamamilə realdır. Qrenlandiyanın gələcəkdə Amerikanın idarəçiliyinə keçməsi mümkündür.

Onu da deyək ki, Qrenlandiyanı nəzarətə götürmək istəyən təkcə Amerika deyil, Çin, Rusiya, Avropa İttifaqı da dünyanın ən böyük adasını hansısa yolla öz nəzarətlərinə keçirmək uğrunda fəaliyyət göstərirlər.

Qrenlandiyanı cəlbedici edən nədir?

Qlobal istiləşmə yaratdığı fəsadlarla yanaşı, yeni imkanlar da açır və Şimal Buzlu okeanının əlverişli ticarət marşrutu kimi cəlbediciliyini artırır. Okeanda buzların əriməsi iri yükdaşıma gəmilərinin hərəkətinə imkan yaradır. Pekin artıq rəsmi şəkildə Şimal Buzlu Okeanından Böyük İpək Yolunun qollarından biri kimi istifadə edəcəyini bəyan edib. Rusiya ilə Çin Rusiyanın şimalında yerləşən Yamal əyalətində birgə maye qaz hasilatına başlayıblar və istehsal olunmuş məhsulun məhz Şimal Buzlu Okeanla Avropa və Amerikaya daşınması mümkün olacaq.

Şimal Buzlu Okeanından ticarət marşrutu kimi istifadə olunması Qrenlandiyanı təbii olaraq əsas nəqliyyat xətlərinin kəsişmə nöqtəsinə çevirir. Belə olduqda Qrenlandiyaya nəzarət edən faktiki Okendakı ticarət xətlərinə nəzarət etmə imkanı qazanacaq.

Qeyd edək ki, Qrenlandiya adası Danımarkanın ərazisi olsa da, Şimali Amerikaya daha yaxındır. Bundan əlavə, Rusiya “Şimal axını-2” qaz kəmərini çəkməyi planlaşdırır ki, bu kəmər təbii qazın Rusiyadan birbaşa Almaniyaya ixracına imkan yaradacaq.

Bundan əlavə Qrenlandiya zəngin təbii sərvətlərə malikdir və qlobal istiləşmənin təsiri ilə adadakı buzlar əridikçə orada hasilat işləri aparmaq mümkün olacaq. Ən əsası, Qrenlandiyada müasir telekommunikasiya texnologiyalarının istehsalında istifadə edilən nadir metal yataqları mövcuddur. Bu yataqlarda dünya üzrə nadir metal ehtiyatlarının 1/3 hissəsi yerləşir. Hazırda nadir metal hasilatının 70 faizini Çin həyata keçirir və ABŞ belə, bu metalları Çindən idxal edir.

Tramp Qrenlandiyanı ala bilərmi?

Amerikanın tarixind başqa dövlətlərin ərazisini satın almaq praktikası mövcuddur. Prezident Endryu Conson Rusiyadan Alyaskanı, Tomas Cefferson isə Fransadan Luizianani satın alaraq, Amerika ərazisinə daxil ediblər. Trampdan əvvəl Harri Trumen Qrenlandiyanı Danimarkadan satın almaq üçün yüz milyon dollar təklif etmiş, lakin Kopenhagen adanı satmaqdan imtina etmişdi. Bununla belə, hələ İkinci Dünya müharibəsindən bu yana Danimarka ilə Amerika arasında əldə olunmuş razılaşmaya əsasən, Qrenlandiyanın şimalında yaradılmış ABŞ hərbi bazası bu günə kimi fəaliyyətini davam etdirir.

Amerika üçün Qrenlandiya iqtisadi mənfəət əldə etməkdən daha çox, Çinin təsir dairəsinin genişlənməsinin qarşısını almaq üçün lazımdır. Amerikanın Qrenlandiyanı ələ kecirməsi Vaşinqtonu rəqibsiz dünya hegemonuna çevirəcək. Çünki bununla ABŞ Avrasiya məkanının bir hissəsinə çevrilib, hadisələrə birbaşa müdaxilə etmək imkanı qazanacaq.

Danimarka tərəfi hər nə qədər Qrenlandiyanın satılmadığını bildirsə də, Kopenhagenin iradəsi xaricinə çıxan məsələlər var ki, adanın gələcək taleyinə təsir edə bilər. Söhbət ondan gedir ki, Qrenlandiya 2021-ci ildə tam müstəqil dövlət ola bilər. Qrenlandiya 1979-cu ildə muxtariyyət, 2009-cu ildə isə özünüidarəetmə hüququ alıb. Danimarka konstitusiyası Qrenlandiyaya öz müstəqilliyini təmin etmək hüququnu tanıyır. Hazırda Danimarka Qrenlandiyanın xarici işlərinə müdaxilə edir və adanın saxlanması üçün ildə təxminən 500 milyon dotasiya ayırır. Əgər Qrenlandiya müstəqil olarsa, bu dotasiyadan məhrum ediləcək. 2018-ci ildə keçirilən parlament seçkilərində müstəqillik tərəfdarları olan partiyalar üstünlük qazandılar və 2021-ci ildə adanın Danimarkadan ayrılması təklifilə çıxış edirlər. Əgər Qrenlandiya müstəqil olsa, onlar öz ərazilərini kimə istəsələr, sata biləcəklər.

Adanın qiyməti barədə hələ ki, heç bir təklif səslənməsə də, “BBC” agentliyi ABŞ-dakı mövcud torpaq qiymətləri ilə müqayisə apararaq, Qrenlandiyanı 1 trilyon dollar dəyərində qiymətləndirib. Əgər ada sakinləri bu qiymətə vətənlərinin satılmasına razı olarlarsa, avtomatik hər biri milyonçuya çevriləcək. Çünki hər bir Qrenlandiya sakinin payına 18 milyon dollar düşəcək.

Tofiq Vahid
Azvision.az üçün



Teqlər: Tramp   Qrinlandiya  





Xəbər lenti