Azərbaycanda işsiz qadınların sayı azalıb

  21 Avqust 2019    Oxunub : 1454
 Azərbaycanda işsiz qadınların sayı azalıb
2018-ci ildə ölkədə iqtisadi fəal əhalinin sayı 2005-ci illə müqayisədə 753 min nəfər artaraq 5133,1 min nəfər olub, onların da 4879,3 min nəfərini iqtisadiyyatda məşğul olanlar, 253,8 min nəfərini isə işsiz əhali təşkil edir.
Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsi tərəfindən məlumat verilib. Bildirilib ki, son illər ölkə iqtisadiyyatında aparılan islahatlar nəticəsində əmək bazarında əhəmiyyətli dərəcədə müsbət dəyişikliklərə nail olunub. Belə ki, 2005-ci ildə dövlət sektorunda çalışanların xüsusi çəkisi iqtisadiyyatda məşğul olanların ümumi sayının 30,3 faizini təşkil edirdisə, 2018-ci ildə bu göstərici 23,7 faizə enib, qeyri-dövlət sektorunda işləyənlərin sayı isə bu dövrdə 1,3 dəfə artıb.

2018-ci ildə istehsal sahələrində (kənd təsərrüfatı və balıqçılıq, sənaye, tikinti) 2487,5 min nəfər və ya iqtisadiyyatda məşğul olanların ümumi sayının 51 faizi qədər işçi çalışıb, xidmət sahəsində isə məşğul olanların sayı 2391,8 min nəfər olub ki, bu da məşğul əhalinin 49 faizini təşkil edib. 2018-ci ildə iqtisadiyyatda məşğul olan əhalinin ümumi sayından 1551,7 min nəfəri və yaxud 31,8 faizi muzdla işləyənlərin payına düşüb. Muzdla işləyənlərin əksəriyyəti iri və orta müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olub.

Məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 2019-cu ilin yanvar ayının əvvəlinə 20,1 min nəfər olub. Son illər ərzində işsizlər arasında qadınların xüsusi çəkisi azalıb. Belə ki, 2005-ci ildəki 51,6 faizə nisbətən 2018-ci ildə 37,2 faiz təşkil edib.

2005-2018-ci illər ərzində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 4 dəfə artaraq 544,6 manat təşkil edib.

Aytən Zəhra
Azvision.az

Teqlər: Statistika   İş   Qadın   Əhali