Qusarda fermerlərə təlim keçirilib

Qusarda fermerlərə təlim keçirilib
  16 Avqust 2019    Oxunub:1945
Qusar rayonunda tərəvəzçiliklə məşğul olan fermer və sahibkarlara “Tərəvəz bitkilərinin xəstəlik və zərərvericiləri ilə mübarizə və pestisidlərlə iş zamanı texniki təhlükəsizlik qaydaları”na dair təlim keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Azvision.az -a verilən məlumata görə, nazirlik yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) mütəxəssislərinin, bölgə fermerlərinin və sahibkarların iştirak etdiyi tədbirdə AXA-nın Respublika Bitki Mühafizəsi Mərkəzinin şöbə müdiri Allahverdi Mustafayev tərəvəz bitkilərinin, xüsusilə pomidorun əsas xəstəlik və zərərvericiləri ilə mübarizədə yeni pestisidlərdən istifadə, pestisidlərlə iş zamanı texniki təhlükəsizlik qaydaları, inteqrir mübarizəyə keçidin təməl prinsipləri və yeni innovativ texnologiyaların tətbiqi kimi prioritet mövzular üzrə iştirakçılara məlumat verib.

Tədbir çərçivəsində iştirakçılar tarla şəraitində pomidor sahələrinə baxış keçiriblər. Baxış zamanı xəstəlik və zərərvericilərə qarşı vaxtında mübarizə aparılması qaydaları iştirakçıların diqqətinə çatdırılıb. Eyni zamanda, əhalinin ekoloji təmiz kənd təsərrüfatı məhsulları ilə təmin edilməsində, eləcə də təbii mühitin zəhərli kimyəvi maddələrdən qorunması mövzusunda təlimlər keçirilməsinin vacibliyi bildirilib.

Sonda fermer və sahibkarlarla geniş fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Azvision.az


Teqlər: AXA   Təlim   KTN  





Xəbər lenti