Canpolad Abbasovun intihar etməsinin səbəbi açıqlandı

 Canpolad Abbasovun intihar etməsinin səbəbi açıqlandı
  16 Avqust 2019    Oxunub:4188
Avqustun 15-də Quba şəhərində yaşamış 1959-cu il təvəllüdlü Abbasov Canpolad Şıxmurad oğlunun yaşadığı evin həyətində yardımçı tikilidə özünü asaraq intihar etməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, meyitin xarici müayinəsi zamanı boyun nahiyyəsində stranqulyasiya şırımından başqa hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmayıb.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İntiharın səbəblərinin araşdırılması məqsədilə mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Canpolad Abbasov 2000-2002-ci illərdə Quba rayon İcra Hakimiyyəti başçısının müavini, 2006-2009-cu illərdə müxtəlif vəzifələrdə çalışıb, 2009-cu ildən isə təqaüdə çıxıb.

İlkin istintaqla sağlığında C.Abbasovla amansız rəftar edən, mütəmadi olaraq ləyaqətini alçaltmaqla hədə-qorxu gələrək özünü öldürmə həddinə çatdıran şəxs olmayıb, eləcə də mərhumun hər hansı şəxsə borcu olmaması müəyyən edilib. Mərhumun ailə üzvləri və qohumları ifadələrində C.Abbasovun intihar etməsinə səbəb kimi 2014-cü ildə oğlunun intihar etməsi ilə bağlı günahkar olmasını, özünə qapanmasını, hətta əvvəllər də bu səbəbə görə 2 dəfə intihara cəhd etməsini bildiriblər. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Azvision.az


Teqlər: Baş-Prokurorluq   İntihar  





Xəbər lenti