Altı ayda sahibkarlara 1130 lisenziya verilib

   Altı ayda sahibkarlara 1130 lisenziya verilib
  14 Avqust 2019    Oxunub:1524
2019-cu ilin birinci yarısında ölkə ərazisindən 4,1 milyon ton tranzit yük daşınıb. Bu dövr ərzində Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmində 63% artım müşahidə olunub, 131 min ton yük daşınıb.
İqtisadiyyat Nazirliyindən Azvision.az -a verilən məlumata görə, bunu nazir Şahin Mustafayev Nazirlikdə keçirilən geniş kollegiya iclasında çıxış edərkən deyib. Onun sözlərinə görə, Şimal-Qərb və Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə daşınan yüklərin həcmində də əhəmiyyətli dərəcədə artım qeydə alınıb. Belə ki, bu ilin 6 ayında Şimal-Qərb nəqliyyat dəhlizi ilə daşınan ümumi tranzit yükün həcmi 70% artaraq 829 min ton təşkil edib. Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınan qeyri-neft məhsullarının həcmi isə 42,8% artaraq 795 min ton olub.

Kollegiya iclasında vurğulanıb ki, bu ilin birinci yarısında özəl sektorun inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində sistemli tədbirlər davam etdirilib.

2019-cu ilin birinci yarısında sahibkarlara 1130 lisenziya verilib ki, bunun da 568-i yeni, 562-si isə müddətsiz lisenziyalarla əvəzetmə təşkil edir. Ümumilikdə isə İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə 2 noyabr 2015-ci il tarixindən 1 iyul 2019-cu il tarixinədək sahibkarlara 7900-dan çox lisenziya verilib. Ötən ilin martında yaradılan “Lisenziyalar və icazələr” portalı vasitəsilə artıq 1100-dən çox elektron lisenziya verilib.

Azvision.az



Teqlər: İqtisadiyyat-Nazirliyi   Kollegiya  





Xəbər lenti