Benzin niyə bahalaşdı? – TƏHLİL

Benzin niyə bahalaşdı? – TƏHLİL
  04 Dekabr 2013    Oxunub:1978
Ölkədə benzinin və dizel yanacağının qiymətlərinin artırılacağı qabaqcadan bəlli idi. Bu barədə əvvəlki şərhlərimizdə də anons vermişdik. Belə ki, təkcə, gələn il Rusiyada benzinin qiymətinin yüksələcəyinə istinad edərək ölkəmizdə də belə ehtimal olduğunu yazmışdıq.

Bununla heç də yanacaq məhsulları sarıdan şimal qonşumuzla hansısa əlaqəmiz olduğuna əsaslanmırdıq. Sadəcə, neft məhsullarının qiymətlərinin kənar təsirlərə həssas olduğuna diqqəti çəkərək, qonşu ölkələrdə, o cümlədən dünya bazarlarında anoloji vəziyyətdən çox da fərqli siyasət yürütmək mümkün olmadığını nəzərə çatdırdıq.

Ancaq başlıca səbəb bu deyil. Məsələ ondadır ki, Azərbaycanda neft hasilatı 2011-ci ildən başlayaraq enir: 2010-cu ildə 50, 2011-ci ildə 45, 2012-də isə təqribən 43 milyon ton neft hasil edilib. Bu isə o deməkdir ki, ölkənin gəlirlərinin səviyyəsi və dövlət büdcəmizin həcmi getdikcə azalır. İlk dəfə məhz gələn il - 2014-cü ilin dövlət büdcəsində Dövlət Neft Fondundan (ARDNF) transfertin həcminin azaldılması (17,7 %) da bunun göstəricisidir.

Neft hasilatı səviyyəsinin enməsi öz nəticəsini təkcə ölkəyə maliyyə axınlarının azalmasında deyil, neft məhsulları istehsalında da göstərməli idi. Daxili bazarda həmin məhsullara tələbat durmadan artdığı şəraitdə isə, bu tendensiya şübhəsiz ki, bir az da tez büruzə verməli idi.

Gələn il Dövlət Neft Şirkəti (SOCAR) emala 6,7 milyon ton xam neft göndərəcək ki, keçən il bu rəqəm 6,2 milyon tona bərabər olmuşdu. Bu il isə sözügedən rəqəm 6,4 milyon ton təşkil edəcək.

Bu da onu göstərir ki, ölkədə neft məhsullarına, xüsusən də dizel yanacağı ilə benzinə tələbat artmaqdadır. Son bir il ərzində benzin istehlakının həcmi 10 % artıbsa, dizel yanacağı üzrə bu rəqəm 13 % təşkil edib. Ona görə də keçən il 1,3 milyon ton benzin istehsal edildiyi halda, bu il 1,4 milyon ton olacaq. SOCAR isə ildə cəmi 8 milyondan bir az artıq neft çıxarır. ABƏŞ də daxil olmaqla, ümumiyyətlə Azərbaycanda il ərzində hələlik 42-43 milyon ton neft hasil edilməkdədir.

Daxili bazarı neft məhsulları ilə ancaq SOCAR təmin edir ki, bu da onun tərkibindəki 2 neftayırma zavodu vasitəsilə həyata keçirilir. Bunlar da ildə maksimum 7 milyon tondan bir az artıq emal gücünə malkdirlər. Və həmin zavodlarda yalnız SOCAR-ın həm suda, həm də quruda çıxardığı neft emal olunur.

Ölkədə PSA (Hasilatın Pay Bölgüsü Sazişləri) müqavilələrinin şərtlərinə əsasən hasil edilən xam neft isə birgə müəssisələrin ixrac öhdəliklərinin təmin olunmasına yönəldilir ki, bunu istəsək də emal edə bilmərik.

Keçən il SOCAR balansında olan yataqlardan 8,3 milyon tona yaxın neft hasil etmişdir ki, bunun da 6,2 milyon tonunu emala, 1,9 milyonunu ixraca yönəltdiyi deyilir. Buna əsasən də, hasilatın getdikcə daha sürətlə enəcəyi müqabilində şirkət gələn ildən etibarən, ixracı tamamilə dayandırmaq niyyətindədir.

Onu da qeyd edək ki, oktyabrda dünya bazarlarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) təxminən 943,41, təyyarə yanacağı 975,41, dizel yanacağının 927,12 dollar civarında təşkil etmişdi. Noyabrda bu rəqəmlər uyğun olaraq 928,27, 962,00 və 909,73 dollar təşkil edib.

Ümumiyyətlə benzin, Rusiya da daxil olmaqla, dünya bazarlarında və Avropa ölkələrində bizdəkindən bahadır. Çünki Azərbaycandan fərqli olaraq həmin ölkələrin hamısında sözügedən məhsulun topdansatış və pərakəndə satış qiymətləri dövlət tərəfindən deyil, sərbəst bazar qanunları əsasında tənzimlənir. Və bu sahədə elə siyasət yürüdülür ki, sözügedən məhsulun qiyməti inflyasiyaya uyğun təşəkkül tapır.

Bu baxımdan, Azərbaycanda dövlət nəzarəti olmasaydı benzin də daxil, bütün neft məhsulları indiyədək bir neçə dəfə bahalaşmışdı. Çünki bazarda tələb fasiləsiz olaraq artmaqdadır.

Ümumiyyətlə, məlumdur ki, qiymətlər qanunlara əsasən də bazarda tələb təklifi üstələdikdə, məhsulun maya dəyəri topdansatış qiymətindən kənarlaşdıqda, kənar ölkələrdə və dünya bazarlarında vəziyyət daxili bazarla uzlaşmadıqda yüksəlir.

Bu isə əslində həm tənzimlənən, həm də tənzimlənməyən qiymətlərə aiddir.

Doğrudur, yanacaq məhsulunun bahalaşmasının nə demək olduğu bəllidir. Odur ki, ölkədə hökumətin əhalinin sosial müdafiəsini təşkili baxımından, habelə ümumi istehlak bazarında qiymətlərə nəzarət etməsi, ümumiyyətlə makroiqtisadi sabitliyi qorumaq, həmçinin inflyasiyanı idarə etmək sarıdan bu məsələdə ehtiyatla hərəkət etməsi tələb olunur.

Ancaq təkrar edirik ki, Neft Fondundan büdcəyə transfertin gələnil azaldılması hasilatın enməsinin nəticəsidir. Və o da məlumdur ki, transfert olmasa büdcədən cari xərcləri ödəmək əsla mümkün deyil. Çünki sosial xərclər bunun hesabına maliyyələşdirilir.

Əgər, yaranmış vəziyyət üstəlik neft məhsulları istehsalının da dalana dirəndiyini diqtə edirsə, deməli, dövlət büdcəsinin mədaxil hissəsinin böyük bir qismi havadan asılı vəziyyətdədir.

Bu baxımdan, son bahalaşmaya əhalinin sosial vəziyyəti aspektindən yanaşan zaman bunu mütləq nəzərə almaq lazımdır. Belə ki, ölkədə nə qədər ki, Vergilər Nazirliyi ilə Gömrük Komitəsinin, o cümlədən digər qurumların xəttiylə qeyri-neft sektorundan büdcəyə ödənişlər cari xərcləri örtməyə imkan vermir, yanacağın qiyməti ilə əhalinin gəlirləri arasında balans axtarmaq əslində, düz deyil.

Çünki reallıq bundan ibarətdir ki, hazırda ölkədə həyata keçirilən bütün növ sosial ödənişlər əsas etibarı ilə məhz xam neft və neft məhsullarının satışından əldə olunan gəlirlər hesabına ödənilir.

Yeri gəlmişkən, növbəti ilin dövlət büdcəsində 1 milyard 679 milyon manat kəsir nəzərdə tutulub ki, bu da cari il üçün proqnozlaşdırılan məbləğdən 988 milyon manat çoxdur. Deməli, hökumət əslində, çox ciddi sınaq qarşısındadır...


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti