Bayramda 56 avtovağzaldan 72 922 sərnişin daşınıb

   Bayramda 56 avtovağzaldan 72 922 sərnişin daşınıb
  13 Avqust 2019    Oxunub:2338
Avqust ayının 13-nə qədər respublikanın 56 avtovağzal və avtostansiya kompleksindən ümumilikdə 72922 nəfər sərnişin daşınıb. Bayramın ilk günlərində sıxlıq Bakı Beynəlxalq Avtovağzal Kompleksində müşahidə edilib.
Azvision.az xəbər verir ki, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova deyib. Onun sözlərinə görə, 5 gün ərzində regionlardan paytaxta səfər edən sərnişin sayı 12640 nəfər olub. Belə ki, regionlardan paytaxta təkcə avqustun 12-də 7990 nəfər sərnişin daşınıb.



"Bu gün avqustun 13-də regionlarımızdan paytaxta səfər edəcək və geri dönəcək sərnişinlərimiz üçün əlavə ehtiyat avtobusların ayrıldığını nəzərə alaraq yol iştirakçılarından, xüsusilə şəxsi avtomobil sahiblərindən yollarda ehtiyatlı olmalarını rica edirik! İri tutumlu sərnişin avtobuslarını ötmə əməliyyatı icra etməklə çaşdıraraq, siz təkcə avtobusun salonundakı 50 sərnişinin həyatına deyil, 50 ailənin həyatına da biganə qalmış olursunuz. Bayramı xətasız bəlasız yekunlaşdırmaq ümidi ilə, yolunuz açıq olsun!".



Avtovağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədova isə bildirib ki, Qurban bayramı ilə əlaqədar olaraq, BBAK avqustun 7-dən başlayaraq gücləndirilmiş iş rejimində çalışır. O, qeyd edib ki, avqustun 8-də şəhərlərarası və beynəlxalq istiqamətlərə ümumilikdə 10 285 sərnişin daşınıb.

"Ən çox sərnişin axını 10 və 11 avqust tarixlərində olub. Avqustun 10-da 15 300, 11-də isə 13 400 sərnişin öz səfərini təmin edib. Şəhərlərarası reyslərdə sərnişin sıxlığı daha çox Gəncə, Bərdə, Tərtər, Lənkəran, Astara, Quba, Qusar, Şəki və Mingəçevir istiqamətlərinə, beynəlxalq reyslərdə isə ən çox sərnişin axını İstanbul, Batumi, Naxçıvan və Moskva şəhərlərinə olub. Bu günə qədər ümumilikdə 62 000-dən çox sərnişin BBAK-dan yola salınıb".

Azvision.az



Teqlər: Sərnişin  





Xəbər lenti