Almaniyada kurs keçmək istəyən sahibkarların nəzərinə!

  09 Avqust 2019    Oxunub : 824
Almaniyada kurs keçmək istəyən sahibkarların nəzərinə!
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində 2020-ci ildə Almaniyada “İqtisadi kooperasiya” üzrə 1 aylıq ixtisasartırma kursunda iştirak etmək istəyən sahibkar və menecerlər üçün müsabiqə elan edir.
Qurumdan Azvision.az -a verilən məlumata görə, proqramın məqsədi Azərbaycanın sahibkarlıq subyektlərinin Almaniyada ixtisasartırma kursu keçməsinə, onların beynəlxalq təcrübəyə yiyələnməsinə, biznes sahəsində müasir nəsil menecerlərin hazırlığı və ixtisasının artırılmasına, alman şirkətləri ilə birbaşa iqtisadi əlaqələrin qurulmasına dəstək göstərməkdir.

İxtisasartırma kursunda iştirak etmək istəyən sahibkar və menecerlər müvafiq sənədləri 20 sentyabr 2019-cu il tarixinədək KOBİA-ya təqdim etməlidir. Tələblərə cavab verən namizədlər oktyabr ayında Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) mütəxəssislərinin iştirakı ilə keçiriləcək seçim mərhələsində iştirak edəcəkdir.

İngilis dilində keçiriləcək ixtisasartırma kursu çərçivəsində sahibkar və menecerlər üçün treninqlər, Almaniyanın aparıcı müəssisələrinə təlim səfərləri, alman şirkətlərində işgüzar görüşlər təşkil ediləcəkdir. İxtisasartırma kursu zamanı Almaniyada qalmaq və tədris xərcləri Proqramın təşkilatçıları tərəfindən qarşılanacaqdır.

Müsabiqədə iştirak və lazımi sənədlər barədə ətraflı məlumatı KOBİA-nın internet səhifəsindən əldə etmək olar: https://azvision.az/redirect.php?url=http://smb.gov.az/news/almaniyada-ixtisasartirma-kursu-kecmk-istyn-sahibkarlarin-nzrin


Azvision.az

Teqlər: KOBİA