“Ticarət müharibəsi iqtisadiyyatımıza təsir edə bilər” - Ekspert

  10 Avqust 2019    Oxunub : 2011
“Ticarət müharibəsi iqtisadiyyatımıza təsir edə bilər” - Ekspert
“Ticarət müharibəsi şəraitində ABŞ-Çin münasibətləri gərginləşməkdədir. Ticarət müharibəsi ABŞ üçün gözlənilən nəticəni vermədiyindən digər istiqamətlər üzrə də təzyiqləri artırır”.
Bu fikirləri Azvision.az -a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Orxan Bağırov deyib.

O qeyd edib ki, avqustun 5-də ABŞ-ın Maliyyə Naziri (Treasury Secretary) Stiven Mnuxin mətbuat konfransında Çini valyuta manipulyatoru adlandırdı və bununla bağlı Beynəlxalq Valyuta Fonduna tədbir görmək üçün müraciət edəcəyini bildirdi: “Ümumiyyətlə, məqsədli sürətdə valyutanı ucuzlaşdırmaq digər ölkələr üçün dolayı olaraq tarifləri artırmaq deməkdir və bu da ticarət münasibətlərinə əhəmiyyətli dərəcədə təsir edərək ixracı süni olaraq stimullaşdırır. ABŞ-ın belə münasibəti Çinin milli valyutası Yuanın 2%-dən çox ucuzlaşaraq vacib psixoloji həddi (1 dollar= 7 yuan) keçməsindən sonra formalaşdı. Lakin, bu ucuzlaşmanın ABŞ tərəfindən Çinə qarşı tarifləri yenidən artırılmasından sonra baş verməsi onu göstərir ki, əslində bu bazarın sanksiyalara olan təbii rekasiyası idi. Yəni ticarət müharibəsi gərginləşdikcə, sanksiyaların artmasına bazarlar daha çox reaksiya verir”.



O.Bağırov hesab edirki, Çinin Mərkəzi Bankını müdaxiləsi bu azalmanın qarşısını ala və ya daha az olmasına şərait yarada bilərdi. Lakin, ticarət müharibəsi şəraitində Çin özü də buna müdaxilə etməyərək ABŞ ixracatçıları üzərində “tariflərin artmasına” imkan yaradır.

"Bu isə öz növbəsində Çin üzərində təzyiqlərin daha da artırılmasına və yeni tariflərin tətbiq edilməsinə səbəb ola bilər. Görünən odur ki, heç bir tərəf güzəştə getmək niyyətində deyil və bu qarşdurmanın başqa cəbhələrdə də baş verməsi ticarət müharibəsinin dünya iqtisadiyyatına mənfi təsirini daha da artıracaqdır. Bu da neftin qiymətinə azaldıcı təsir etməklə dolayı olaraq milli iqtisadiyyatımıza təsir edə bilər”, - deyə O.Bağırov vurğulayıb.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: Çin   ABŞ   Ticarət   Müharibə