KOBİA-dan arıçılıqla məşğul olan sahibkarlara dəstək

  07 Avqust 2019    Oxunub : 887
KOBİA-dan arıçılıqla məşğul olan sahibkarlara dəstək
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arıçılıqla məşğul olan sahibkarların müraciəti əsasında arı ailələrinin Şəkinin Kiş kəndi ərazisində yerləşdirilməsinə dəstək göstərib.
Agentlikdən Azvision.az -a verilən məlumata görə, KOBİA-nın Şəki şəhəri üzrə “KOB Dostu” Kiş kəndi ərazisində arı ailələrinin yerləşdirilməsi üçün müvafiq icazənin alınması, bunun üçün lazım olan sənədlərin hazırlanaraq aidiyyəti qurumlara təqdim olunmasında arıçı sahibkarlara - Kazım Qarayevə və Tahir İsmayılova dəstək olub. “KOB Dostu”nun dəstəyi və yerli qurumlarla əməkdaşlıq çərçivəsində arı ailələrinin Kiş kəndində meşə ərazisində yerləşdirilməsi təmin edilib.

Sahibkar Kazım Qarayev: “Uzun müddətdir arıçılıqla məşğul oluram. Arıçılıq əsas gəlir mənbəyimdir. Arı ailələrinin meşə ərazisində yerləşdirilməsi üçün icazə sənədinin alınmasına Şəki “KOB Dostu” tərəfindən yaxından dəstək göstərildi. Bu il təsərrüfatımdan yüksək məhsuldarlıq gözləyirəm”.

Məlumat üçün qeyd edək ki, KOBİA bundan əvvəl də dövlət-özəl əməkdaşlığı çərçivəsində arıçılıqla məşğul olan sahibkarlara subsidiyaların verilməsi, arıçılıq məhsullarının ticarət şəbəkəsində satışının təşkili ilə bağlı mikro və kiçik sahibkarlara dəstək göstərib.

Azvision.az

Teqlər: KOBİA   Arıçı   Sahibkar