Futbolumuzun məşqçi qalmaqalları

Futbolumuzun məşqçi qalmaqalları
  03 Dekabr 2013    Oxunub:1525
Son illərdə futbol meydanında görməyə alışdığımız mübarizənin yaşıl meydanlardan kənara sıçramasına alışmışıq. İndi mübarizə heç də hakimin fiti səsləndirməsi ilə başlamır. Matçöncəsi başlayan mübarizənin əsas aktyorları məşqçilər olur.

Yəqin ki, Joze Mourinyo, Xose Qvardiola, Fatih Terim və s. tanınmış mütəxəssislərin həmkarları haqqında söylədiyi sərt fikirlər, atmacalar çoxlarına tanışdır. Təbii ki, bizim məşqçilərin də bir-birinə can deyib, can eşitdiyini düşünmək sadəlöhvlük olardı. Klub məşqçilərinin bəzilərinin yığma komandamızın baş məşqçisinə qarşı ikili hislər bəslədiyi də sirr deyil. Gəl ki, ölkəmizdə çalışan klub məşqçilərinin əksəriyyəti yalnız yığma komandanın baş məşqçisi ilə yox, həm də bir-biriylə “mehriban düşmən”ə çevrilməkdədirlər. İndi görək, bu baxımdan hansı məşqçilərimız daha çox ön plana çıxır?

Milli yığma komandamızın hazırkı baş məşqçisi Berti Foqtsla millimizin, eləcə də paytaxtın “Bakı” və Zaqatalanın “Simurq” klubunun sabiq çalışdırıcısı Qyoko Hacıyevskinin münasibətlərinin pozulmasının təfərrüatları tam bəlli olmasa da, iki mütəxəssis arasındakı problemlərin makidoniyalı çalışdırıcının alman məşqçiylə görüşü zamanı “Azərbaycanı hər hansı Afrika ölkəsilə müqayisə etmə. Fikirləşmə ki, burada heç kəsin futboldan başı çıxmır. Əksinə, hamı futbolu yaxşı anlayır, yaxşı oyunçular da var. Burada Xristofor Kolumb kimi Amerika kəşf edəcəyini düşünmə” deməsindən qaynaqlandığı bildirilir.

***

Azərbaycan futbolunun “ağsaqqal”larından sayılan Ağasəlim Mircavadovla Kazbek Tuayevin ilişkiləri A.Mircavadovun vaxtı ilə “Neftçi”nin baş məşqçi “postu”nda K.Tuayevi əvəzləməsindən sonra pozulmuşdu. Xatırlayırsanızsa, həmin vaxt AFFA da məsələyə münasibət bildirmiş və Tuayevi müdafiə etmişdi. Elə həmin vaxtdan da həm AFFA-nın o vaxtkı rəhbərliyi, həm də Kazbek Tuayevlə “yola getməyən” A.Mircavadov AFFA rəhbərliyində dəyişiklik olduqdan sonra sözügedən qurumla əlaqələrini normallaşdırsa da, Tuayevlə münasibətlərində müsbət dəyişiklik müşahidə edilməyib.

***

AZAL-ın baş məşqçisi Vaqif Sadıqovla “Araz Naxçıvan”ı çalışdıran Əsgər Abdullayevin də münasibətləri qaydasında deyil. Yayılan xəbərlərə görə, bir zamanlar milli yığma komandada və artıq tarixin yaddaşına köçmüş “Şəfa” klubunda çiyin-çiyinə çalışmış cütlüyün “soyuq müharibə” aparmasına Əsgər Abdullayevin vaxtı ilə milli komandamızın baş məşqçisi vəzifəsində Sadıqovu əvəzləməsi səbəb olub. Deyilənə görə,Vaqif Sadıqov Əsgər Abdullayevi mehmanxana müdürlüyündən məşqçiliyə gətirib və bu üzdən də sonradan Abdullayevin onun yerini tutmasını həzm edə bilməyib. Hər halda, həm Abdullayevin mehmanxana müdirlüyündən məşqçiliyə gətirilməsi, həm də cütlüyün vəzifəyə görə “düşmən”ə çevrilməsi inandırıcı görünməsə də, indiki halda sölənənlər bu yöndədir.

***

Məşqçi kimi son olaraq “Neftçi” klubunu çalışdıran və emosional davranışları ilə diqqət çəkən Böyükağa Hacıyevin Vaqif Sadıqovla problem yaşadığı məlumdur. İki mütəxəssis arasında baş verənlərin konkret səbəbi qaranlıq qalsa da, çalışdırıcılar arasındakı soyuqluğun İranın “Maşinsazi” klubunda işləyərkən meydana gəldiyi söylənilir. Xatırladaq ki, həmin vaxt klubun baş məşqçisi olan Vaqif Sadıqovun köməkçisi məhz Böyükağa Hacıyev idi və sonradan o, baş məşqçi “postu”nda Sadıqovu əvəzləmişdi. Görünən odur ki, Əsgər Abdullayev kimi Böyükağa Hacıyevin də məhz Sadıqovun “postu”na təyinat alması sonuncunun keçmiş köməkçilərinə qarşı münasibətinin dəyişməsində böyük rol oynayıb.

***

Deyəsən, Vaqif Sadıqovla anlaşa bilməyən Əsgər Abdullayevlə Böyükağa Hacıyev heç özləri də ortaq məxrəcə gələ bilmir. Ə.Abdullayev “Bakı”nın sükanı arxasında olarkən klubda ikinci məşqçi kimi fəaliyyət göstərən Böyükağa Hacıyev baş məşqçiylə problem yaşamasa da, cütlüyün problemsiz günləri çox çəkməmişdi. Belə ki, mütəxəssislərin yolları ayrıldıqdan sonra, yəni Böyükağa Hacıyev “Bakı”nın, Əsgər Abdullayevsə “Olimpik-Şüvəlan”ın (indiki AZAL) baş məşqçisi təyin olunduqdan sonra iki məşqçinin “atışması” başlamışdı. Həmin vaxt Abdullayev milliləşdirilmiş oyunçuların çoxluğundan şikayətlənmiş, Hacıyev isə hələ “Bakı”da birgə çalışarkən gürcü oyunçu Aleksandr Qoqoberaşvilinin məhz Əsgər Abdullayevin göstərişi ilə milliləşdirildiyini deməklə, Abdullayevin bostanına daş atmışdı. Məlumat üçün deyək ki, həmin dönəmdə milliləşdirilən gürcüstanlı yarımmüdafiəçi sonradan yenidən legioner statusu almışdı.

***

Azərbaycan futbolunda son zamanlarda baş verən məşqçi qalmaqalları təcrübəli mütəxəssislərlə yanaşı, onların gənc həmkarlarından da yan keçmir. Söhbət Ramiz Məmmədovla Faiq Cabbarovun münasibətlərindəki gərginlikdən gedir. Təxminən, 7 il öncə Ramiz Məmmədovun “Qəbələ”nin baş məşqçisi təyin olunmasını buna qədər komandanı çalışdırmış Faiq Cabbarov həzm edə bilməmiş və bu dəyişiklikdə Məmmədovun “barmağı” olduğunu iddia etmiş və bununla da “soyuq müharibə”nin başlamasına səbəb olmuşdu. Yadınızdadırsa, həmin vaxt Cabbarov bildirmişdi ki, Məmmədovun futbolçu kimi komandasında çıxış etməsinə imkan yaratmadığından həmkarı onu vəzifəsindən uzaqlaşdırmaq üçün müxtəlif variantlara əl atıb. Hər halda, bu məsələdə kimin haqlı olduğu bilinməsə də, Ramiz Məmmədov hazırda işsiz olan Faiq Cabbarovun isə ümumiyyətlə futboldan uzaq olması tərəflər arasında “döyüş”ün olmayacağını ehtimal etmək olar.

***

Paytaxtın “İnter” komandasının gürcüstanlı çalışdırıcısı Kaxaber Tsxadadze də zaman-zaman çılğınlığı ilə diqqət çəkir. Yadınızdadırsa, onun "Turan"ın sabiq baş məşqçisi Nizami Sadıqovla davası əməlli-başlı münaqişəyə yol açmışdı. Bundan başqa, Tsxadadze sabiq köməkçisi Elxan Abdullayevlə dalaşmaqdan da çəkinməmişdi.

***

Təbii ki, siyahını çox uzatmaq olar. Qazaxıstanda işlədiyi vaxtdan Foqtsla münasibətləri gərginləşən Ramiz Məmmədovun hirsi hələ soyumdığı kimi, Böyükağa Hacıyevlə Gəray Qarayevin də “atışması” yekunlaşmayıb. Elə "Turan"da işlədiyi vaxt hər ay bir məşqçiylə dalaşan Naci Şensoy indi də təbəssümlə xatırlanır.

Təbii ki, bütün bunlar oyunətrafı olayları zənginləşdirən məqamlardır. Ancaq eyni zamanda heç də xoş görüntülər deyil. Əslində, yaşıl meydanda aparılmalı olan mübarizə məşqçilər arasında da getməkdədir. Bu “mübarizə”yə daha kimlərin qoşulacağını zaman göstərəcək. Amma qəti demək olar ki,bütün bunların futbolumuza heç bir faydası olmayacaq.

Tural Məmmədov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti