55 dövlət əmlakı özəlləşdirməyə çıxarılıb

55 dövlət əmlakı özəlləşdirməyə çıxarılıb
  05 Avqust 2019    Oxunub:1747
Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac sentyabrın 3-də keçiriləcək.
Əmlak Məsələləri Dövlət Komitəsindən Azvision.az -a verilən məlumata görə, ayın ilk hərracına 55 dövlət əmlakı çıxarılıb. Onlar arasında səhmdar cəmiyyətlərinin dövlətə məxsus səhm paketləri, eləcə də nəqliyyat vasitələri var. Hərraca çıxarılan səhmdar cəmiyyətləri Yevlax, İsmayıllı, Goranboy şəhər və rayonlarında yerləşir. Sərmayəçilər “Biləsuvar Broyler”, “Ağdaş Quşçuluq”, “Zərdab Aqrotexservis” dövlət müəssisələrinin 30 faiz ilə 45 faiz arasında olan səhm paketlərinin özəlləşməsinə qoşula bilər. Hərraca çıxarılan səhmdar cəmiyyətlərindən biri Qax şəhəri, Ü.Hacıbəyov küçəsindəki “Qax Taxıl” adlı dövlət müəssisəsidir.

Taxıl məhsullarının tədarükü, emalı və satışı üzrə fəaliyyət göstərəm müəssisənin torpaq sahəsi 84,9 min kvadratmetr, tikili sahəsi isə 22,6 min kvadratmetrdir. Səhmdar cəmiyyətinin ərazisində idarə binası, yeməkxana, qarğıdalı quruducu sexləri, çörək sexi, un dəyirmanı, müxtəlif təyinatlı anbarlar və digər tikililər var.

Həmçinin Avtomobil sahibi olmaq istəyən şəxslərin budəfəki hərracda geniş seçim imkanları var. Belə ki, buraxılış tarixi 2006-2008 olan nəqliyyat vasitələri “VAZ”, “Qaz” və “Hyundai” markalarına aiddir.

Özəlləşməyə çıxarılan dövlət əmlakları üzrə hərracda iştirak etmək istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Qeyd edək ki, keçirilən hərraclara sifarişçilərlə yanaşı, digər şəxslər həm onlayn, həm də məkana gəlməklə qoşula bilər. Bunun üçün Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron hərrac xidmətinə (https://e-emdk.gov.az/eHerrac) daxil olmaq kifayətdir.

Azvision.az


Teqlər: ƏMDK  





Xəbər lenti