Nekrofilə qarşı Biofil - Murad Köhnəqalanın yazısı

   Nekrofilə qarşı Biofil -    Murad Köhnəqalanın yazısı
  02 Avqust 2019    Oxunub:6390
Kirayədə qaldığımız evin yaxınlığında açıq həyətli bir restoran var. Yüksək səsli qulaqdeşən musiqini axşamtərəfi başlayaraq, düüüz gecə saat on ikiyə qədər bağırdırlar. Burada əsasən ad günləri keçirildiyindən hər gün “həpi bözdi” dinləməkdən bezmişik. Özü də müğənni bu “həpi”ni özümüzünküləşdirərək, “Şikəsteyi fars” üstündə oxuyub, ağlayır. Nəzərinizə yüksək dərəcədə çatdırım ki, musiqisevər camaatımız bu səs-küydən heç də narahat deyil.
Nəsə, bu məsələ öz yerində. Mənə qəribə gələn odur ki, müştərini əyləndirmək, şənləndirmək iddiasında olan bir istirahət mərkəzi nədən öz repertuarını qəmli mahnılarla, yorucu melanxoliya ilə doldursun? Bu barədə bir xeyli düşündükdən sonra dəyərli filosofumuz Ağalar Qutun mədəniyyətlərin biofilm və nekrofil tipləri barədə yazısını xatırladım.

Ağalar bəy bizim ağlaşma, nakamlıq, həsrət, qəm-kədər üzərində qurulmuş həyat və yaradıcılığımızı əsasən, nekrofil kultura tipinə aid edir. Yəni, bu, meyitbazlıq, ölümə vurğunluq, qəbir, kəfən, nakam getmək, qan ağlamaq kimi məişətimizə, oradan da mədəniyyətimizə hopmuş bədbin ruhlu bütöv bir sosial-kulturoloji sistemdir. Nekrofilin əksi olan biofil kulturanın əlamətləri isə həyatsevərlik, nikbinlik, gələcəyə baxmaq, məqsədyönlü fəaliyyət və bu kimi insanı yaşamağa həvəsləndirən elementlərdir.

Biofil mədəniyyətlə nekrofil mədəniyyət arasında daimi ziddiyyət var. Biofil həyat pozitiv və hərəkətli, nekrofil həyat isə bunun əksinə, donuq və neqativdir. Burada xatırlamaq yerinə düşər ki, nekrofiliya sözünün lüğəti mənası “ölü ilə sevişmə, cinsi əlaqəyə girmə”dir. Psixiatriyada bu hal psixi-seksual xəstəlik kimi qiymətləndirilir.

Təsadüfi deyil ki, tarixdə qanlı cinayətləri ilə iz qoymuş bir çox qatillər və manyaklar həm də nekrofil idilər. Nekrofiliya əsasən, normal insanlarla münasibət qura bilməyən, davranışlarında qorxaqlıq və qapalılıq müşahidə olunan psixi xəstələrdə rast gəlinir. Meyitlə söhbətləşib, ünsiyyət qurmağa ehtiyac və müqavimətlə qarşılaşma ehtimalı olmadığından nekrofillər bu üsulla öz eqolarını təsdiq etməyə, ehtiyaclarını ödəməyə çalışırlar.

Əslində, bu xoşagəlməz mövzuya girişmək niyyətim yox idi, sadəcə, Ağalar bəyin “nekrofil kultura tipi” ifadəsi bir qədər də düşünməyə vadar etdi. Söhbət qonşuluqdakı restoranda səhər-axşam səsləndirilən ağlaşma musiqisindən düşmüşkən, xatırladım ki, bizdəki ağlaşma əsasən, İranın əzadarlıq mərsiyələri üzərində, Türkiyə musiqilərindəki ağlaşma isə İraq-kərkük şiəçiliyinin təsiri əsasında formalaşır.

Yaxın və orta Şərqin nakam sevgi, dərd, ələm, ağlaşma üzərində qurulmuş nəhəng kulturoloji sistemi var. Bu sistemi həyatın bütün sahələrinə kök atmış nəhəng bir ağac kimi xarakterizə etmək olar. Bu səbəbsiz və müəmmalı kədər Şərq insanının istər ictimai-sosial, istərsə şəxsi, məişət həyatını necə lazımdır, zəhərləyir. “Dünya beş günlükdü, beşi də qara”, “Bu dünya fanidi, o dünya baqi”, “Axirətini düşün” kimi deyimlər, saysız-hesabsız qarğış və ağılar, qəbirüstü ayin və mərasimlər, meyit və kəfən ədəbiyyatı şərqlinin özü dediyi kimi, “beş günlük” ömrünü qara gətirir.

Bu qaramata bürünüb onunla yaşayan şərqli, insani zövqləri, həyati nemətləri təyinatı üzrə istifadə edə bilmədiyindən, onlara yanlış tərif verərək, həmin həyati nemətlərin mahiyyətini zorlayır. Sevgilisinə qovuşmağı yox, həsrət qalmağı arzulayır, (“Get, get, sən o Leyli deyilsən”), sevinci arsızlıq kimi dəyərləndirir, hər növ gözəlliyə “haram” etiketi taxıb, daxilindəki natural insana zülm edir. Nəticədə, bu qondarma əxlaq simvolik estetika, ruhi xəstələr, psixopatlar cəmiyyəti formalaşdırır. Belə cəmiyyətdə heç kim digərinin psixi xəstə olduğunun fərqinə varmır, çünki hamı eyni patologiyadan əziyyət çəkir.

Yazını 2004-cü ildə yazdığım “Dərdalgin” adlı şeirimlə bitirmək istəyirəm:

DƏRDALGİN
(tabletkalarda)

Ey günəşli yurdun şərqli insanı!
Nə vurulmusan bu qəmlərə,
nə əzizlərsən öz dərdini?
Dərd-bəladan həzz alırsan,
manyakmısan?

Sənə verilən o işıq ömür
Uçub gedir bir ox kimi
Adam da bu qədər dərdbaz olarmı?
Köynəyin cırıqdır? – cəhənnəmə ki,
bir az da cırıq gəz!

Dişin yoxdu, pulun yoxdu –
mırıq gəz!
Dabanı sürtülmüş, üstü sökülmüş
su buraxan o ayaqqabınla
bir təpik ilişdir dərdin dalına,
getsin öz işinin-dərdinin dalınca.

Evin yoxdu – nə olsun ki?
Vağzallara,
binaların damına nə gəlib?
Belə şeydən dərd yonub, qəm düzəltmə!
Pulun yoxdu? – bir az da ac gəz.
Ac-yalavac gəzməkdən
xoşbəxt və gülməli
bir şey varmı dünyada?..

Ac-acına
küləkli küçələrdə veyillənmək,
boş sok qablarını,
su qablarını
təpikləmək dərd çəkməkdən pisdimi?
Tutalım, evlənmisən,
evdə uşaqların var,
pulun az, məvacibin yox –
noolsun?!

Qazıb-qazıb dərd çıxartma bundan,
qoy bir az da az yesin arvadın,
bir az da arıq olsun,
bir az da kasıb geyinsin!
Oğlun keçənilki şalvarını geyinsin,
bir az da gödək olsun.

Qızının köhnə ayaqqabısının
sökülmüş yerlərini özün tik.
Sən sapı dişinlə dartdıqca
uşaqların gülüşəcək.
Necədi, gözəl deyilmi?
Təki arvadın sevsin səni!

Qonşu uşaqları bahalı geyər-
özləri bilər.
Qonşu arvadları xəz geyər,
qızıl taxar –
özləri bilər.
Onda var, səndə yoxdu –
noolsun ki?
Səndə var, onda yoxdu –
noolsun ki?
Dərdə çevirmə,
zəhrimara döndərmə bunu!
Qoy gülsünlər sənə,
gülüb-gülüb, axır, yorulacaqlar.
Ömür axır işıq kimi!
Arvadın həmişə narazıdırsa,
dırsa, dirsə, dursa,
fikirləşməyə dəyməz,
ayrıl getsin, boşa getsin!

Uşaqları dərd eləmə,
bura bax,
yenə dərdə taxılma!
Onları əvvəlkindən də
gözəl böyüdəcəksən…

Tutalım, bir işdi, düşdün türməyə.
Noolub,
özünü tütün kimi büküb çəkirsən,
iri, ağır fikirlərin
hambalına dönmüsən,
künclərdə büzüşüb
üzünə əlavə qırış yonursan?
Gözüm aydın,
noolsun haqsız tutulmusan?
Nə üçün qan qusmalısan?
Döyəcəklər – döz gülə-gülə!
Söyəcəklər – döz gülə-gülə!
Bıçaq soxmaq lazımdısa, kiməsə
fikirləşmək lazım deyil,
ordaca sox!

Güllələmək lazımdısa,
güllələ yerindəcə!
Səni də güllələyib yorta bilərlər,
sən də ölməlisən, heç dərd eləmə!
Ömür axıb gedir işıq misalı.
Axmaq kimayəgərlər kimi
hər şeyi dərdə-qəmə çevirmə!
Qəmli-qəmli oxuyub
muğamda zarıyırsan,
bu cavan yaşında nə qarıyırsan,
maymaqmısan?

O qoca qəzələ nə kərkinirsən,
manyakmısan?
Tüpürüm sənin o dərdli şerinə,
tüpürüm sənin dərdə aşiqliyinə!
Həyata gəl!
Həyata gir!
Nə göllənirsən?
Nə iylənirsən?
Ömür axıb gedir işıq misalı.
Dərdin-qəmin-vərəmin
dalına bir təpik!
İşıqlı dünyada onların
hörməti yoxdu bir qəpik…

Murad Köhnəqala
Azvision.az üçün



Teqlər:





Xəbər lenti