Mərkəzi Bankın valyuta ehtiyatları 330 milyondan çox artıb

   Mərkəzi Bankın valyuta ehtiyatları 330 milyondan çox artıb
  01 Avqust 2019    Oxunub:2066
"Neftin qiyməti ilin əvvəlindən 20 faizə qədər artıb və 66 dollardır. Bu, bizim daxili proqnozlarımızda, yəni büdcə və sosial-iqtisadi proqnozlarda qoyduğumuz proqnozdan 6 dollar çoxdur".
Azvision.az xəbər verir ki, bunu iyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Baş bankir bildirib ki, strateji valyuta ehtiyatlarımız son illərdə əhəmiyyətli dərəcədə artıb: "Biz inamla bütövlükdə böhrandan öncəki səviyyəni bərpa etməyə doğru gedirik. Qırx doqquz milyard dollar bizim ümumi daxili məhsuldan daha çoxdur. Bu, Azərbaycanın həm yüksək beynəlxalq ödəmə qabiliyyətini, həm də yüksək maliyyə təhlükəsizliyini ifadə edir".

E.Rüstəmov qeyd edib ki, Mərkəzi Bankın özünün də valyuta ehtiyatları artır.

"Cari ildə biz valyuta ehtiyatlarımızı 330 milyon dollardan çox artırmışıq. Amma diqqətinizi ona cəlb etmək istəyirəm ki, Sizin qoyduğunuz məsələ - valyuta ehtiyatlarının idarə olunmasının effektivliyinin artırılması olduqca mühüm məsələdir. Bu vəsaitin təxminən 100 milyon dollardan çoxunu biz altı ayda xarici idarəetmədən almışıq. Baxmayaraq ki, beynəlxalq maliyyə bazarlarında vəziyyət kifayət qədər mürəkkəbdir və faiz dərəcələri aşağıdır. Biz ili 3,2 faiz gəlirlə başa vurmağı düşünürük".

Azvision.az


Teqlər: MərkəziBank   ElmanRüstəmov  





Xəbər lenti