Bakıda 8 yaşdan yuxarı 23 nəfər I sinfə gedəcək

  Bakıda 8 yaşdan yuxarı 23 nəfər I sinfə gedəcək
  24 İyul 2019    Oxunub:3398
2019-2020-ci tədris ili üçün indiyə kimi 8 yaşdan yuxarı 23 nəfər I sinfə qəbulla bağlı elektron qeydiyyatdan keçib.

Bakı Şəhər Təhsil İdarəsindən Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, onlar əsasən 2006-2010-cu il təvəllüdlü uşaqlardır.
“Həmin uşaqların 15-i qız, 8-i oğlandır. Əsasən ailə problemləri, müxtəlif xəstəliklər və digər üzrlü səbəblərdən həmin uşaqların I sinfə qəbulunun gecikdiyi məlum olur. Ümumilikdə, uşaqların vaxtında I sinfə qəbulunu subyektiv səbəblərdən ləngidən valideynlərə əsas tövsiyə ondan ibarətdir ki, bu kimi hallara maksimum dərəcədə yol vermək olmaz. Bu halda uşaqların öz yaşıdları ilə müqayisədə inkişafı ləngiyir və onlar sonrakı illərdə istər tədris nailiyyətləri, istərsə də psixoloji inkişaf baxımından həmyaşıdlarından geri qalırlar”, - məlumatda deyilib.

Qeyd edək ki, yaşı 8-dən yuxarı olan uşaqlar "Fərdi təhsilin təşkili haqqında Qaydalar"ın tələblərinə uyğun olaraq fərdi təhsilə cəlb olunurlar. Təhsildən kənarda qalmış şəxslərin fərdi təhsili nümunəvi tədris planları əsasında aparılır. Tədris planında nəzərdə tutulan fənlər üzrə proqramlar müəyyən edilmiş saatlara uyğunlaşdırılır. Fərdi təhsil həftədə 4 gün təşkil olunur. Fərdi təhsil yolu ilə ümumi orta təhsil səviyyəsinin VIII sinfini bitirmiş şəxslər arzu etdikləri halda, müstəqil hazırlaşaraq eksternat qaydasında imtahan verib təhsil sənədi almaq hüququna malikdirlər.

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil   Məktəb  





Xəbər lenti