Məktəblilər XV Avropa Gənclər Olimpiya Festivalında

Məktəblilər XV Avropa Gənclər Olimpiya Festivalında
  19 İyul 2019    Oxunub:2104
Bakıda 21-27 iyul tarixlərində XV Avropa Gənclər Olimpiya Festivalı keçiriləcək.

Festivalda “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” çərçivəsində ümumilikdə 49 ümumi təhsil məktəbi üzrə 800-dən çox şagird və müəllim heyətinin iştirakı nəzərdə tutulub.
Bakı Şəhər Təhsil İdarəsindən Azvision.az -a verilən məlumata görə, seçilmiş məktəblər 22-26 iyul tarixlərində onlara təhkim olunmuş ölkələrin mədəniyyətini, tarixini, incəsənətini və idman ənənələrini ölkəmizdə təbliğ edəcəklər. Bu məqsədlə Bakı şəhərindən 49 məktəb seçilib. Onlardan 48-i Avropa ölkələrini, 1-i isə Azərbaycanı təmsil edərək öz pavilyonlarını sərgiləyəcək.

XV Avropa Gənclər Olimpiya Festivalına 50 Avropa ölkəsindən nümayəndə heyətinin qatılması nəzərdə tutulub. Festivalda 10 idman növü üzrə (bədii gimnastika, atletika, basketbol, velosiped, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol, güləş) yarışlar keçiriləcək. Yarışlarda ölkəmizi paytaxt məktəbliləri təmsil edəcək.

Qeyd edək ki, paytaxt məktəblərində XV Avropa Gənclər Olimpiya Festivalına hazırlıqla əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Milli Olimpiya Komitəsinin birgə təşkilatçılığı ilə silsilə tədbirlər keçirilib. Belə ki, proqrama cəlb olunmuş ümumi təhsil müəssisələrində müxtəlif idman yarışları, məşhur idmançılarla görüşlər, rəsm müsabiqələri, “Açıq dərs”lər, sərgilər və digər tədbirlər təşkil edilib.

“Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” Avropa Gənclər Olimpiya Festivalının irsi çərçivəsində Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun maliyyə dəstəyi, Milli Olimpiya Komitəsinin təşkilatçılığı, “Bakı 2019” Avropa Gənclər Olimpiya Festivalı Əməliyyat Komitəsi, Təhsil, Gənclər və İdman nazirliklərinin köməyi ilə həyata keçirilir. Proqramın əsas məqsədi Avropa Olimpiya Komitəsinə üzv ölkələrin gəncləri arasında mədəniyyət və idmanı, həmçinin Olimpiya hərəkatını təşviq etməkdir.

Azvision.az



Teqlər: BŞTİ   Olimpiya  





Xəbər lenti