Qılıncoynadanlarımız əsas mərhələyə yüksəliblər

  18 İyul 2019    Oxunub : 762
Qılıncoynadanlarımız əsas mərhələyə yüksəliblər
Macarıstanın paytaxtı Budapeştdə keçirilən qılıncoynatma üzrə dünya çempionatının üçüncü gününə yekun vurulub.
Azvision.az xəbər verir ki, qadın sablyaçıların şəxsi yarışında Anna Başta, Səbinə Kərimova və Valeriya Bolşakova əsas mərhələyə vəsiqə qazanıblar. Qrup mərhələsində keçirdiyi altı görüşdən beşində qalib gələn Anna Başta bu nəticə ilə birbaşa 1/64 finala yüksəlib. O, 32 ən güclü qadın sablyaçı sırasına yüksəlmək uğrunda görüşdə Almaniya təmsilçisi Li Krueger ilə qarşılaşacaq.

Qrup mərhələsini üç qələbə ilə başa vuran Səbinə Kərimova isə pley-offda Tunis idmançısı Amira Ben Çaabaneni 15:11 hesabı ilə məğlub edib. S.Kərimova daha sonra əlcəzairli Nora Zohra Kehli üzərində 15:9 hesabı ilə qələbə qazanıb. O, əsas mərhələdə Çin təmsilçisi Yaqi Şao ilə üz-üzə gələcək.

Valeriya Bolşakova isə qrupda keçirdiyi görüşlərdə dörd qələbə qazanıb. Təmsilçimiz ilkin mərhələni uğurla adlayıb. Meksikalı sablyaçı Vanessa İnfanteni 15:11 hesabı ilə məğlub edən V.Bolşakova 1/64 finala yüksəlib. İdmançımızın növbəti rəqibi İtaliya idmançısı Rosella Qreqoriyadır.

Qrup mərhələsini dörd qələbə ilə başa vuran Sevil Bünyatova isə pley-offda İspaniya təmsilçisi Selia Suensa Perezə 14:15 hesabı ilə uduzub.

Sablya üzrə qadınlar arasında şəxsi yarışın əsas mərhələsi iyulun 20-də keçiriləcək.

Azvision.az

Teqlər: qılıncoynatma