Mexanizatorlar üçün təlim keçirildi

  17 İyul 2019    Oxunub : 850
Mexanizatorlar üçün təlim keçirildi
Ağcabədi rayon Dövlət Aqrar İnkişaf Mərkəzində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA), Dövlət Yol Polisi İdarəsinin və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Azvision.az -a bildirilib ki, tədbirin əsas məqsədi yol hərəkəti qaydalarına düzgün riayət edilməsi, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, özəl aqroservislərin fəaliyyətinin genişlənməsi sahəsində maarifləndirmə işlərinin aparılması olub.

Tədbirdə çıxış edən Aqrar Xidmətlər Agentliyinin əməkdaşı Azər Qarayev agentlik tərəfindən son zamanlar bu sahədə görülən işlər, innovativ texnologiyalar, şəffaflıq, göstərilən xidmətlərin əhaliyə əlçatanlığının təmin edilməsi, vətəndaş məmnunluğunun daha da artırılması barədə ətraflı məlumat verib.

Sonda qeyd edilən məsələlər barədə geniş fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Həmçinin iştirakçılara xidmətin fəaliyyətini və xidmətə görə ödəniləcək rüsumları əks etdirən bukletlər paylanılıb.

Tədbirdə sahibkarlar, özəl aqroservislərin nümayəndələri və mexanizatorlar iştirak ediblər.

Azvision.az

Teqlər: Nazirlik   Təlim