AMEA Rəyasət Heyətinin səyyar iclası keçirilib

  17 İyul 2019    Oxunub : 1439
AMEA Rəyasət Heyətinin səyyar iclası keçirilib
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasındə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin səyyar iclası keçirilib.
AMEA-dan Azvision.az -a verilən məlumata görə, öncə AMEA-nın prezidenti, akademik Akif Əlizadə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunan AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun aparıcı elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Moisey Bekker və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Araz Qurbanova medalları təqdim edib. Cümhuriyyət irsinin tədqiqində və təbliğində səmərəli fəaliyyətlərinə görə təltif olunmuş alimləri təbrik edib.

İclasda AMEA-nın Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımovun “Ağciyər xərçəngi və neyrodegenerativ amiloid xəstəliklərinin multidissiplinar tədqiqi: ilkin nəticələr və gələcək istiqamətlər” adlı məruzəsi dinlənilib. Alim bildirib ki, onkoloji və neyrodegenerativ xəstəliklər müasir biotibbin ən prioritet istiqamətlərindəndir. İqtisadi cəhətdən inkişaf etmiş əksər ölkələrdə ölüm səbəblərinin strukturunda bədxassəli şişlərin 18-23 faizinin ikinci yeri tutduğunu deyən natiq dünya əhalisinin təxminən 10 faizinin yaşla əlaqəli neyrodegenerativ xəstəliklərdən əziyyət çəkdiyini əlavə edib.

O.Qasımov AMEA-nın Biofizika İnstitutu və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi tərəfindən birgə işlənib hazırlanan süni intellekt vasitəsilə ağciyər xərçənginin proqnozu üzrə aparılan işlərin uğurlu nəticələr verdiyini söyləyib.

Məruzə dinlənildikdən və müzakirə olunduqdan sonra Rəyasət Heyəti tərəfindən müsbət qiymətləndirilib. AMEA-nın Biofizika İnstitutuna Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi ilə birlikdə verilənlər bazası həcmini artırmaqla ağciyər xərçənginin təsnifatının təkmilləşdirilməsi, ağciyər xərçəngi üçün iqtisadi cəhətdən səmərəli skrininq metodunun yaradılması və digər istiqamətlərdə tapşırıqlar verilib. İnsan genomunun transkripsiya statusunun idarə edilməsinin çoxşaxəli mürəkkəb proses olduğunu nəzərə alaraq, xərçəng xəstəliyi ilə bağlı işlərin davam etdirilməsi, onkologiya və neyrodegenerativ amiloid xəstəliklərində mutasiyaların mühüm rolunu nəzərə almaqla fərdi təbabət sahəsini inkişaf etdirmək üçün Biofizika İnstitutunda hüceyrə texnologiyalarının maddi-texniki bazasının yaradılması istiqamətində işlərin aparılması qərara alınıb.

Sonra “AMEA-nın 75 illik yubileyi ilə bağlı Tədbirlər planı” ətrafında müzakirə aparılıb, Tədbirlər planı təsdiqlənib. Sənəddə nəzərdə tutulan işlərin həyata keçirilməsi üçün elmi, elmi-təşkilati və digər tədbirlər istiqamətində tapşırıqlar verilib.

Gündəlikdə əksini tapan növbəti məsələ AMEA-nın elmi bölmələrinin elmi sessiyaları haqqında olub. Bildirilib ki, peşəkar mütəxəssislər və gənc alimlərin iştirakı ilə geniş müzakirələrin aparılması, elmi prioritetlər üzrə mövcud problemlərin dərindən araşdırılması, həmçinin gənclərin bilik və bacarıqlarının üzə çıxarılması və yaradıcı gənclərin müəyyənləşdirilməsi məqsədilə sessiyaların təşkili mühüm əhəmiyyət daşıyır. Bunu nəzərə alaraq, Rəyasət Heyəti AMEA-nın elmi bölmələrində rübdə bir dəfədən az olmayaraq elmi sessiyaların keçirilməsi, burada müvafiq peşəkar mütəxəssislərin iştirakı ilə təbiət, texnika, humanitar və ictimai elm sahələrinin müxtəlif aktual problemlərinə həsr olunan elmi məsələlərin müzakirə edilməsi və digər məsələlərlə bağlı qərar qəbul edib.

Tədbirdə AMEA-da lektoriyanın təşkili məsələsinə də baxılıb. Bildirilib ki, AMEA-nın gənc alim və mütəxəssislərinin, doktorant və magistrlərinin iştirakı ilə keçiriləcək lektoriyada respublikanın xüsusi elmi məktəb yaratmış nüfuzlu alimlərinin, AMEA üzvlərinin təbiət, texnika, ictimai və humanitar elmlərin müxtəlif aktual problemlərinə və Azərbaycanın elm tarixinə həsr olunmuş məruzələri dinləniləcək. Lektoriyada dövlətin elm siyasətinin müxtəlif istiqamətləri, elmi fəaliyyət sahəsinə aid mühüm dövlət sənədləri, dövlət proqramları, AMEA Ümumi yığıncağı və Rəyasət Heyətinin mühüm qərarlarının mahiyyəti, məqsəd və vəzifələri, onların icra mexanizmləri barədə gənclərə geniş məlumat verilməsi də nəzərdə tutulur.

Rəyasət Heyəti AMEA-nın “Elm” nəşriyyatının fəaliyyətinin təkmilləşdirilməsini də müzakirə edib. Qeyd olunub ki, son illər dünyada nəşriyyat işi sahəsində, xüsusilə akademik nəşrlərin hazırlanması və yayımında həyata keçirilən yeniliklər, mövcud sahədə müasir avadanlıqlardan istifadə, yeni innovasiyaların tətbiqi “Elm” nəşriyyatının işinin günün tələbləri səviyyəsində qurulmasına, onun əsas fəaliyyət istiqamətlərinin yenidən müəyyənləşdirilməsinə və bu sahədə kompleks tədbirlərin həyata keçirilməsinə böyük zərurət yaradıb. Bununla əlaqədar olaraq Rəyasət Heyəti “AMEA-nın “Elm” nəşriyyatının fəaliyyətinin təkmilləşdirilməsi üzrə 2019-2020-ci illər üçün Tədbirlər planı”nı təsdiq edib. AMEA-nın elmi jurnallarının, o cümlədən digər növ elmi nəşrlərin AMEA-nın “Elm” nəşriyyatında çap olunmasını məqsədəuyğun hesab edib.

Gündəlikdə yer alan digər məsələlər 2019-cu ilin oktyabr ayında AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun 60 illik və 2020-ci ilin mart ayında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun 75 illik yubileylərinin keçirilməsi barədə olub. İclasda Riyaziyyat və Mexanika İnstitutunun yubileyi münasibətilə "Riyaziyyat və Mexanikanın müasir problemləri" adlı beynəlxalq konfransın keçirilməsi qərara alınıb, Dilçilik İnstitutunun yubileyinin qeyd olunması ilə bağlı Tədbirlər planı təsdiqlənib.

Növbəti qərarlarla AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Ülkər İbrahimova Slovakiya Respublikasına və həmin institutun elmi işçisi Güman Qarayev İtaliya Respublikasına, AMEA-nın Neft və Qaz İnstitutunun mühəndisi Emil Cəlilov isə Kanadanın Monreal şəhərinə ezam ediliblər.

Sonra akademik Məmmədağa Şirəliyevin 110 illik yubileyi və AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundovanın 60 illik yubileyinin keçirilməsi barədə qərarlar qəbul olunub. İclasın digər qərarlarıyla “AMEA-nın Xəbərləri (ictimai elmlər seriyası)” jurnalının adı dəyişdirilərək “Sosial elmlər” jurnalı adlandırılıb, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun yeni “Hüquq və insan haqları” elmi-nəzəri jurnalı təsis edilib.

Tədbirdə Rəyasət Heyətinin qərarıyla biologiya elmləri doktoru Eldar Novruzov AMEA-nın Botanika İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilib. Sonda “AMEA-nın professoru” adı üzrə namizəd seçilmiş şəxslərlə bağlı AMEA-nın müvafiq elmi bölmələrinin vəsatətinə əsasən gizli səsvermə keçirilib. Seçkinin nəticələrinə əsasən 13 nəfər AMEA-nın professoru adını alıb.

Azvision.az

Teqlər: AMEA