Niyə büdcəyə dəyişiklik edilmədi, yaxud, sosial paketin xərcləri haradan gəlir – TƏHLİL

      Niyə büdcəyə dəyişiklik edilmədi,    yaxud, sosial paketin xərcləri haradan gəlir –    TƏHLİL
  12 İyul 2019    Oxunub:3430
Cari ilin dövlət büdcəsinə ənənəvi olaraq Dövlət Neft Fondundan nəzərdə tutulan transfertin artırılması yolu ilə ilin ilk yarısında heç bir dəyişiklik edilmədi. Çünki bu ilin dövlət büdcəsində neftin dünya bazar qiymətləri 60 ABŞ dolları səviyyəsində götürüldüyündən, bundan çox da yüksək qazanc əldə olunmadığı üçün gəlir və xərclərə dair rəqəmləri dəyişdirməyə ehtiyac yaranmayıb.
Qeyd oluna bilər ki, bəs, ilin əvvəlindən sosial istiqamətdə bütün sahələrdə artımlar həyata keçirilir, böyük həcmdə sosial paket reallaşdırılır - bütün bunlara görə, dövlətin əsas maliyyə sənədinə yenidən baxmağa ehtiyac yox idimi? Xeyr. Sosial paketin həyata keçirilməsi 2019-cu ilin dövlət büdcəsi layihəsi hələ hazırlanarkən planlaşdırılmışdı. Yəni büdcə xərclərində bu artımlar qabaqcadan nəzərə alınıb. Və üstəlik, bu ilin büdcəsinə neftin qiymətinin təsiri də olmayacaq.

Ölkədə kölgə iqtisadiyyatına qarşı həyata keçirilən tədbirlər, vergi siyasətindəki yeniliklər də büdcə gəlirlərində artımlar yaradıb. Dövlət başçısı bir neçə dəfə qeyd edib ki, həyata keçirilən islahatlar nəticəsində gəlirlərdə ciddi artımlar var. Cari ilin ilk 5 ayı ərzində dövlət büdcəsinə 3 milyard 138 milyondan çox vergi rüsumları daxil olub ki, proqnoz göstəricidən 286,5 milyon manat çox edib. Ümumiyyətlə, keçən ilə nisbətən büdcəyə 262 milyon manat çox vergi daxilolmaları baş verib ki, bütün bunların müqabilində dövlət büdcəsinə yenidən baxaraq, Dövlət Neft Fondundan transferti artırmağa ehtiyac yarana bilməzdi. Bütün bunlar, nəyinki yuxarıda qeyd etdiyim sosial paketi tam olaraq rahat həyata keçirməyə, hətta onun həcmini artırmağa da imkan verir.

Ancaq məsələ başqadır. İş ondadır ki, həyata keçirilən bir sıra tədbirlər nəticəsində iqtisadiyyatda kəskin keyfiyyət dəyişiklikləri baş verdiyindən, hər halda, müəyyən məqamlara toxunmağa ehtiyac yaranmışdı. Belə ki, dövlət büdcəsinin bəzi xərclərini optimallaşdırmağa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) və İşsizlikdən sığorta fondunun gəlir və xərclərini, həmçinin icmal büdcəsi xərclərinin yuxarı həddini artırılmağa zərurət görünürdü ki, Prezident İlham Əliyevin Milli Məclisə təqdim etdiyi 2019-cu il üçün dövlət büdcəsi, DSMF-ın və İşsizlikdən sığorta fondunun büdcəsi haqqında qanunlara dəyişikliklər edilməsi haqda sənəddə də məhz bunlar əksini tapmışdı.

Belə ki, DSMF-ya əlavə gəlir daxil olduğundan maliyyə resurslarından daha səmərəli istifadə məqsədilə dövlət büdcəsindən Fonda ayrılan vəsaitin həcmini 150 milyon manat azaltmağa, işsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin icrası nəticəsində yaranan qalıq vəsaitindən 15 milyon manatı bu il üçün Fondun istifadəsinə verilməyə, icmal büdcənin xərclərinin yuxarı həddini 215 milyon manat artıraraq 27,4 milyarda çatdırmağa, DSMF-ın cari illik büdcə gəlirlərini 350 milyon manat, xərclərini isə 200 milyon manat artırmağa, dövlət büdcəsindən Fonda ayrılan transferti 150 milyon manat azaltmağa, işsizlikdən sığorta fondunun büdcə gəlir və xəcləri hissəsini isə bərabər olaraq 15 milyon manat artırmağa ehtiyac var idi.

Göründüyü kimi, bir növ ekstensiv deyil, intensiv dəyişikliklər... Başqa sözlə desəm, ilk dəfə olaraq büdcə keyfiyyətcə yeni formada dəyişdirildi. Belə ki, dövlət büdcəsindən DSMF-ə ayrılan vəsait 150 milyon manat azaldıldı. Sual yaranır ki, niyə və nə səbəbə? Rəqəmlərə diqqət yetirək: Vergilər Nazirliyinin 2019-cu ilin yanvar-may aylarında sosial daxilolmalar barədə açıqladığı məlumatda bildirilir ki, 2019-cu ilin yanvar-may aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi nəticəsində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,3% artaraq, 1 milyard 21,6 milyon manat təşkil edib. Bu sahədən daxilolmalar üzrə proqnozlar 113,8% icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalarsa 18,9% artaraq, 667,5 milyon manat təşkil edib ki, proqnozlar 117,1% icra olunub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 74,2% artaraq, 39,0 milyon manat təşkil edib ki, proqnozlar 116,5%, qeyri-büdcə təşkilatları üzrə isə daxilolmalar 87,8% artaraq, 28,9 milyon manat təşkil etməklə, proqnoz 120,6% yerinə yetirilib.

Bütün bunlar nəyi göstərir? Ölkədə əməkhaqqları və gəlirlər artdıqca məcburi dövlət sosial, həmçinin işsizlikdən sığorta haqları üzrə daxilolmaların həcmi də artmaqdadır. Məsələn, bu ilin sentyabr ayında nəzərdə tutulan əlavə artımlar hesabına dövlət sosial sığorta haqları üzrə üstəlik 350 milyon manat vəsaitin daxil olacağı proqnozlaşdırılır ki, bu da sırf olaraq bilavasitə qeyri-neft sektorunun özəl bölməsində fiziki şəxslərin gəlir vergisi üzrə cari ildən etibarən güzəştin tətbiqi nəticəsində itirilən müvafiq vergi məbləğinin tam olaraq sosial sığorta və işsizlikdən sığorta haqları üzrə əlavə daxilolmalar hesabına kompensasiya olunduğu deməkdir. Beləliklə də, büdcəyə bu dəfə necə deyərlər, keyfiyyətyönümlü dəyişikliklər etmək şansının yarandığı mənasını verməkdədir.

Yeri gəlmişkən, ötən şərhlərimdə yazmışdım ki, sosial maliyyələşdirməni həm üfüqi, həm də şaquli istiqamətdə genişləndirmək və artırmaq, dövlət büdcəsinə gəlirlərdə isə şəffaflıq yaratmaq, gizli gəlir mənbələrini aşkarlamaq, mədaxilin ardıcıl templə yüksəlməsini təmin etmək biri-birinə bağlı məsələlərdi. Sosial sahə, başqa sözlə desəm, əhalinin maddi rifahını fasiləsiz olaraq yaxşılaşdırmaq sağlam maliyyələşdirmə tələb edir. Burada "donor mənbələri" işə yarayan deyil. Başqa sözlə desəm, təkcə neft və qaz gəlirləri hesabına nəyəsə nail olmaq olmaz. Yəni, uzunmüddətli olaraq.

Odur ki, irimiqyaslı sosial paketin icrası üçün iqtisadiyyat gərək sağlam olsun və bütün növ gəlir mənbələri üzrə mənzərə şəffaf, leqal, aşkar və stimullaşdırıcı xarakter kəsb etməklə, kölgə amillərinin yaranması və təşəkkül tapması üçün ortada heç bir zəmin görünməsin.

Ona görə də, şəffaflıq prinsiplərinin genişmiqyaslı tədbiqi və iqtisadiyyatı idarəetmə mexanizminin yeni modelinə keçid sahəsində islahatlar bundan sonra da davam etdirilməli və bu istiqamətdə həyata keçirilən işlər fasiləsiz xarakter daşımalıdır. Çünki büdcəyə iqtisadiyyatın real sektorundan daxilolmalar tələb olunan hədədək çatmayınca, dövlətimizin sosial aspektdə cari ildən gücləndirdiyi genişmiqyaslı maliyyələşdirmə səylərinin maksimal səviyyədə uzunmüddətli effekt verməsi mümkün deyil.

Sözün qısası, dövlət büdcəmizin qeyri-neft sahələrindən gəlirləri artdıqca yaxın gələcəkdə də bayaq qeyd etdiyimiz kimi, dövlətin əsas maliyyə sənədinə keyfiyyətcə yeni aspektdə, intensiv dəyişikliklər etmək üçün hələ çox real əsaslar yaranacaq. Hansı ki, bu təkrar edirəm, olduqca müsbət hadisədir.


Pərviz Heydərov
Azvision.az üçün



Teqlər: Büdcə   sosial-xərclər  





Xəbər lenti