68 dövlət əmlakı hərraca çıxarılıb

  08 İyul 2019    Oxunub : 821
68 dövlət əmlakı hərraca çıxarılıb
Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) təşkil etdiyi növbəti hərraclardan biri avqustun 6-da keçiriləcək.
ƏMDK-dan Azvision.az -a verilən məlumata görə, komitə tərəfindən keçirilən hərraclara çıxarılan dövlət əmlaklarının müxtəlifliyi vətəndaşlara geniş seçim imkanları vəd edir. Özəlləşdirmə prosesində elektronlaşma hər kəsin prosesə rahat şəkildə qoşulmasına şərait yaradır. Şəffaflıq və səmərəlilik prinsiplərinin təminatı ilə ictimaiyyətə tam açıq olan hərraclarda həm sifarişçilərin, həm də adi şəxslərin iştirakına şərait yaradılıb.

Avqustdakı hərraca ümumilikdə 68 dövlət əmlakı çıxarılıb. Hərracda investorlar 36 kiçik dövlət müəssisəsi, 10 qeyri-yaşayış sahəsi, 22 səhmdar cəmiyyəti üzrə seçim edə bilər.

Özəlləşməyə çıxarılan səhmdar cəmiyyətləri Ağdaş, Zərdab, İsmayıllı və digər regionlarda yerləşir. 30-45 faizlik səhm paketləri hərraca çıxarılan səhmdar cəmiyyətləri nəqliyyat, kənd təsərrüfatı, tikinti və digər sahələr üzrə fəaliyyət göstərir. Onlara “İsmayıllı Təmir Tikinti”, “Salyan Aqrotexservis”, “Cəlilabad Məişət” kimi səhmdar cəmiyyətləri aiddir.

Kiçik dövlət müəssisələrinin ümumi faydalı sahəsi 4 kvadratmetr ilə 2095 kvadratmetr arasındadır. Ticarət və xidmət obyektləri, mehmanxana, sanatoriya və digər dövlət əmlaklarının investorlar üçün gəlirli fəaliyyət imkanları var. Ən yüksək ümumi faydalı sahəsi olan dövlət obyekti Şəmkir rayonu, Keçili kəndində yerləşir. Zavod filialı olan bu obyekt 27 min kvadratmetrlik torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılıb.

Qeyri-yaşayış sahələrinin isə ümumi faydalı sahəsi 24,3 kvadratmetrilə 213,7 kvadratmetr arasındadır. Bu dövlət əmlaklarından 4-ü paytaxtda, digərləri isə Sabirabad, Daşkəsən, Sumqayıt kimi şəhər və rayonlarda yerləşir. Gəncə şəhəri, Kəpəz rayonu, Dədə Qorqud küçəsindəki qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 54,4 kvadratmetrdir. Xidmət obyekti və ya ofis kimi istifadəyə uyğun olan dövlət əmlakının ilkin hərrac qiyməti 6 min 300 manatdır.

Sadə prosedurlar ilə hərraclara qoşulmaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytına (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil olmaq kifayətdir. Burada hər bir dövlət əmlakı haqqında ətraflı məlumat və sifariş linki mövcuddur. Potensial investor linkə daxil olaraq seçdiyi dövlət əmlakını sifariş verib, hərracında iştirak statusu qazana bilər. Hərrac günü hər kəsin məkana gəlmədən onlayn formada özəlləşdirmədə iştirak imkanı təmin edilib.

Azvision.az

Teqlər: ƏMDK