77 dövlət əmlakı özəlləşdirilməyə çıxarılıb

 77 dövlət əmlakı özəlləşdirilməyə çıxarılıb
  02 İyul 2019    Oxunub:2797
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib.
Komitədən Azvision.az -a verilən məlumata görə, budəfəki hərracda özəlləşdirilən əmlaklar arasında kiçik dövlət müəssisələri, qeyri-yaşayış sahəsi və nəqliyyat vasitələri var. Sahəsi 184,6 kvadratmetr olan dövlət əmlakı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşir. Xidmət, ticarət və digər istiqamətlər üzrə fəaliyyət imkanları olan dövlət obyekti 231,8 kvadratmetrlik torpaq sahəsi ilə birgə özəlləşdirilib. Biləsuvar rayonunun Aşağı Cürəli kəndindəki qeyri-yaşayış binasının isə sahəsi 111,5 kvadratmetrdir. Bu dövlət əmlakı üzrə hərracda iştirak edən şəxs onu 301 kvadratmetrlik torpaq sahəsi ilə birgə özəlləşdirib.

Qeyri-yaşayış sahəsi üzrə keçirilən hərracda vətəndaş Mingəçevir şəhəri, 20 Yanvar küçəsindəki dövlət əmlakını özəlləşdirib. Xidmət və ya ofis obyekti kimi istifadə imkanları olan bu qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 33,6 kvadratmetrdir.

Avtomobil almaq istəyənlər də seçimlərini dövlət əmlakları üzrə edərək hərraca qatılıblar. Özəlləşdirilən “BMW”, “QAZ”, “Fiat” markalarından olan avtomobillərin buraxılış tarixləri 2005-2008-ci ildir.

Komitə tərəfindən növbəti hərrac iyulun 9-da keçiriləcək. Bu hərraca 77 dövlət əmlakı çıxarılıb. İştirak etmək istəyənlər 22 səhmdar cəmiyyəti, 46 kiçik dövlət müəssisə və obyekti, 9 qeyri-yaşayış sahəsi üzrə seçim edə bilər. Hərrac prosesinə qoşulmaq üçün komitənin rəsmi saytına (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil olmaq kifayətdir.

ƏMDK-nın təşkil etdiyi hərraclarda sadə iştirak imkanları ilə internetin olduğu məkandan özəlləşdirməyə qoşulmaq mümkündür. Seçdiyi əmlakı elektron sifariş verməklə yanaşı, hər kəs hərracda onlayn formada iştirak edə bilər. Bu fürsətlər özəlləşdirmədə rahat iştirakı və şəffaf mühiti təmin edir.

Azvision.az



Teqlər: Hərrac   ƏMDK  





Xəbər lenti