“Bank 7 faizlə əmanət cəlb edir, 29 faizlə kredit verir”

 “Bank 7 faizlə əmanət cəlb edir, 29 faizlə kredit verir”
  01 İyul 2019    Oxunub:2466
"Bu gündən etibarən Əmanətlərin Sığortalanması Fondu milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 10 faiz, xarici valyutada isə 2,5 faiz müəyyən edib. Bu, o deməkdir ki, milli valyutada qorunan əmanətlərin faiz dərəcəsi 33 faiz azaldılıb".
Azvision.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bu gündən sonra banklarda yerləşdiriləcək milli valyutada yalnız 10 faiz və daha aşağı dividend hesablanan əmanətlər qorunacaq:

"Qorunan əmanət faizlərinin yuxarı həddinin azaldılması birbaşa banklarda depozitlər üzrə dividendlərin son 1 ildə aşağı düşməsi ilə bağlıdır. Hazırda aparıcı banklar manat üzrə əmanətlərə 7 faiz dividend təklif edirlər. Fondun son qərarından sonra bir sıra vacib məqamların bölüşdürülməsinə ehtiyac var. Əvvəlla, əmanət faizləri azalsa da, hələ də kredit faizləri yüksək olaraq qalır. Mərkəzin Bankın məlumatına görə, kredit qoyuluşları 12 milyard 861 milyon, əhalinin əmanətləri isə 8 milyard 622 milyon manatdır. Bu, o deməkdir ki, əmanətlər kredit portfelinin 67 faizi təşkil edir. Sadə müqayisə aparsaq, banklar kredit kimi təklif etdikləri hər 100 manatın 67 manatını vətəndaşın özündən alıb, sonra yüksək faizlə digər vətəndaşımıza verirlər. Sistem əhəmiyyəti banklarda manat ilə depozitlərə 7 faiz təklif olunsa da, kredit faizləri 29 faizədək yüksəlir. Deməli, bank bir vətəndaşdan 7 faizlə əmanət cəlb edib onu üzərinə 22 faiz əlavə edərək digər vətəndaşımıza kredit kimi təklif edir. Əmanətlərin qorunan faizləri azaldıqdan sonra kredit faizlərinin aşağı salınması istiqamətdə fəaliyyətinin genişləndirilməsinə və ən əsası bank sektorunda rəqabətin gücləndirilməsinə ehtiyac var".

İqtisadçı xatırladıb ki, fondun qərarına əsasən, bu gündən etibarən banklarda yerləşdirilən və 10-dan çox faiz təklif edən əmanətlər qorunmur.

"Yəni, əgər vətəndaşımız 11 faizlə bankda kredit yerləşdirsə və o bank müflis olsa, o zaman onun depoziti qorunmuş hesab edilməyəcək. Buna görə də, vətəndaşlarımız əmanət yerləşdirən zaman bu halı nəzərə alsalar yaxşı olar. Qorunan əmanətlər üzrə yuxarı həddin 10 faizədək azaldılmasına baxmayaraq, əvvəlki dövrdə 10 faizədən çox, 15 faizdən az olan milli valyutada olan əmanətlər müqavilə müddətində qorunmuş hesab olunacaq. Məsələn, vətəndaşımız ötən ay bankda 1 illik 14 faizlə milli valyutada əmanət yerləşdirib və bu gündən qorunan əmanətlər üzrə yuxarı hədd 10 faizədək azaldılıb. Buna baxmayaraq, həmin əmanət qorunmuş hesab olunur".



Ekspert qeyd edib ki, əvvəlki dövrdə milli valyutada 10 faizdən çox qorunan əmanət yerləşdirən vətəndaşın müqavilə bitən zaman yeni müqavilə bağladıqda qorunan əmanət seçməsi vacibdir: "Belə ki, müddət bitəndən sonra müqavilədə əvvəlki şətlərlər uzanırsa, o zaman həmin əmanət qorunmayan əmanətə çevrilir. Məsələn, ötən ay 14 faizlə milli valyutada əmanət yerləşdirən vətəndaşımız 2020-ci ilin iyun ayında müqaviləni yeniləyən zaman o dövrdəki qorunan əmanət faizlərini nəzərə almalıdır ki, vəsaiti sığortalansın. Əvvəlki banklar xüsusən də “Dəmirbank” müflis olan zaman müqavilə müddəti avtomatik uzadılan bir sıra sığortalanan əmanətlərin qorunmayan əmanətə çevrilməsi praktikası var. Qorunan əmanətlərin yuxarı həddinin 10 faiz olması 12 faizlik depozitdə 10 faizin sığortalanması anlamına gəlmir. Bizə olan müraciətlər göstərir ki, bəzi hallarda bu məsələdə qeyri-müəyyənliklər olur. Bütövlükdə, bu gündən etibarən bankda yerləşdirilən və 10 faizdən çox dividend təklif edən heç bir milli valyutada olan əmanənət sığortalanmayacaq. Bu baxımdan, vətəndaşlarımızın öz vəsaitlərini qorunun depozit kimi yerləşdirməsi daha məqsədəuyğundur".

Azvision.az


Teqlər: Əmanət   Bank  





Xəbər lenti