ABŞ “Monro doktrinası”ndan imtina edir - TƏHLİL

ABŞ “Monro doktrinası”ndan imtina edir  - TƏHLİL
  28 Noyabr 2013    Oxunub:5275
Sahil İsgəndərov,
siyasətşünas

Bir həftə öncə ABŞ-ın dövlət katibi Con Kerri Amerika Dövlətləri Təşkilatının Vaşinqtondankı mənzil-qərargahında çıxışı zamanı «Monro doktrinası dövrü keçmişdə qaldı» ifadəsini işlətdi. Onun sözlərinə görə, Vaşinqton indən belə Latın Amerikası ölkələrinə münasibətdə paternalist yanaşmadan, yəni himayədarlıq siyasətindən imtina edəcək və onlarla bərabərhüquqlu partnyor kimi davranacaq.


Əslində bu bəyanat Latın Amerikası ölkələrində anti-Vaşinqton əhval-ruhiyyəsinin yumşaldılmasına yönəlib. Və son zamanlar Ağ Evin Tehranla sürətlə yaxınlaşmasının pərdəarxası məqamlarından biri də məhz İranın vaxtaşırı bu kartdan yararlanmaq cəhdlərini neytrallaşdırmaq faktıdır. Hazırda dünyanın yeganə fövqəldövləti olan ABŞ-ın hansısa bir dövlətlə - o da ki, qala Latın Amerikası ölkələri ilə - bərabərhüquqlu münasibətlər qurmaq məramında olması isə heç ağlabatan deyil. Çünki bu halda geosiyasətdə əsas məsələ olan «dünya ağalığı» anlayışı daim bu məqsədə can atmış Vaşinqton tərəfindən inkar edilərdi. Bu isə qeyri-mümkündür.

Birləşmiş Ştatlar məhz «dünya ağalığı» iddiasından çıxış edərək, «Monro» doktrinasından imtina edib. Özü də bu faktın etirafında Con Kerri ən azı 70-80 il gecikib. Və 1823-cü ildə qəbul olunmuş Monro doktrinasının mahiyyəti heç də Con Kerrinin dediyi kimi paternalist yanaşma yox, «Amerika amerikalılar üçündür» prinsipidir. O zaman heç 50 il dövlətçilik tarixi olmayan ABŞ üçün Avropanın Amerika qitəsinin işlərinə qarışmaması ən vacib problem idi. Əvəzində Vaşinqton Avropadaxili məsələlərə müdaxilə etməmək barədə öz üzərinə öhdəlik götürürdü. Bu mahiyyət etibarilə təcridolunma siyasəti idi.

Kifayət qədər gücləndikdən sonra ABŞ Monro doktrinasından əl götürmək istiqamətində ardıcıl siyasət yürütməyə başladı. İlk təşəbbüs birinci dünya müharibəsindən sonra prezident Vudro Vilson tərəfindən edilsə də, Senat bunun əleyhinə çıxdı. Lakin ötən əsrin 20-ci illərində ABŞ-ın Xarici əlaqələr Şurasının direktoru İsayya Boumen liberal beynəlmiləlçilik doktrinasını irəli sürdü. Bu konsepsiyanın mahiyyəti Vaşinqtonun təcridolunma siyasətindən, yəni «Monro» doktrinasından imtina etməsi zərurətini əsaslandırmaqdan ibarətdir. Boumen ABŞ-ın unikal cocrafi mövqeyinin, o cümlədən, Avropadakı hərbi əməliyyatlər səhnəsindən kifayət qədər uzaqda yerləşməsinin ölkənin təhlükəsizliyi üçün artıq kifayət olmadığını iddia edirdi. Bu baxımdan o, Birləşmiş Ştatların təhlükəsizliyini onun sərhədlərindən çox-çox uzaqlarda təmin edilməsini zəruri sayırdı ki, bu da əslində Vaşinqtonun beynəlxalq miqyasda dominantlığını nəzərdə tutur.

“Təhlükəsizlik anlamı” dedikdə Boumen və geosiyasi atlantizm nəzəriyyəsinin təmsilçiləri olan məsləkdaşları yalnız hərbi təhlükəsizlik yox, eyni zamanda iqtisadi-siyasi təhlükəsizlik faktorunu nəzərdə tuturlar. Onların fikrincə, ABŞ-a əksər mühüm xammallar ehtiyatları çatışmır. Və ölkə strateji resursların (neft, qaz, kauçuk, qalay, uran filizi) ehtiyatlarının təmərküzləşdiyi «coğrafi güc mərkəzlərinə» çıxış almalıdır. Yəni əslində bu regionlar üzərində geosiyasi nəzarətini yaratmalıdır. Atom əsrində yalnız mühüm «güc mərkəzləri» üzərində Amerika Birləşmiş Ştatlarının nəzarətini yaratmaqla onun təhlükəsizliyini təmin etmək mümkündür.

Elə bu günün özündə də ənənəvi enerjidaşıyıcıları ilə zəngin olan regionlarda Vaşinqtonun apardığı geosiyasi oyunlar buna gözəl sübutdur. Məhz bu müddəalar ikinci dünya müharibəsindən sonra Vaşinqtonun «Monro» doktrinasından imtina etməsi və «dünya ağalığı» uğrunda mübarizə strategiyasının əsas hədəflərini müəyyənləşdirdi. Bu baxımdan, Con Kerrinin bəyanatı yenilik deyil, sadəcə artıq çoxdan reallaşmış faktın konstatasiyasıdır.


Teqlər:





Xəbər lenti