Pərviz Şahbazov rusiyalı həmkarı ilə görüşüb
Nazir deyib ki, hazırda neftin qiymət tərəddüdləri ilə yanaşı, istixana qazlarının atmosferə atılması da azalmaq əvəzinə artır. Son illərdə aşağı karbonlu enerjiyə keçiddə təbii qazın rolu güclənir, lakin burada da enerji təhlükəsizliyi, mənbə və marşrutların şaxələndirilməsi kimi məsələlər ön plana çıxır. Dünya enerji sisteminin bugünkü bu reallığında isə məhz bərpaolunan enerji hər kəsə öz enerji və ekoloji təhlükəsizliyini təmin etməyə imkan yaradan universal bir mənbə kimi çıxış edir.
“Karbohidrogenlərdən fərqli olaraq hər yerdə bu potensial var. Bu potensialdan istifadə etməklə hər bir ölkə enerji ölkəsinə çevrilə və enerji müstəqilliyini əhəmiyyətli dərəcədə artıra bilər. Eyni zamanda, ətraf mühitin çirklənməsinə qarşı etibarlı müdafiə təmin edilə bilər”, - deyə nazir bildirib.
Çıxışda qeyd olunub ki, hazırda dünya üzrə enerji istehlakında ənənəvi enerji resurslarının 84,7 faizlik payı ilə müqayisədə hidroenerji daxil olmaqla bərpaolunan enerji mənbələrinin payı 10,9 faizdir. Bununla belə son illər bərpaolunan enerji ilə bağlı inkişaf yüksələn xətt üzrə gedir və xərclərin sürətlə azalması ilə bərpaolunan enerji mənbələrinin rəqabət qabiliyyətinin artması, eləcə də texnologiyalar bu prosesə dəstək verir.
“Qlobal enerji transformasiyası 21-ci əsrin geosiyasi xəritəsinin yenidən tərtibində mühüm rol oynayacaq. Bu xəritə yüz ildən artıq bir müddətdə mövcud olan və ənənəvi enerji əsasında formalaşmış geosiyasi xəritədən çox fərqlənəcək”, - deyə P.Şahbazov əlavə edib.
Nazir dünyanın enerji xəritəsinin tərtibində Azərbaycanın roluna da toxunub, Cənub Qaz Dəhlizinin qitənin dekarbonizasiyasına verəcəyi töhfəni və ölkənin energetika sektorunda aparılan islahatların mühüm bir hissəsi kimi bərpaolunan enerji, enerji səmərəliliyi sahələrində görülən işləri də diqqətə çatdırıb.
Forum çərçivəsində P.Şahbazov Rusiyanın Energetika naziri Aleksandr Novakla da görüşüb. Görüşdə iki ölkə arasında enerji əməkdaşlğının elektroenergetika, neft-qaz istiqamətləri üzrə məsələlər müzakirə edilib. Həmçinin “OPEC plus” əməkdaşlıq formatı çərçivəsində məsləhətləşmələr aparılıb.
Azvision.az
Teqlər: Energetika Rusiya