Narkotik satıb ölkədən qaçmaq istəyən iranlı tutuldu

Narkotik satıb ölkədən qaçmaq istəyən iranlı tutuldu
  22 İyun 2019    Oxunub:1808
Dörd kiloqramdan çox narkotik vasitənin realizə olunmasının qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azvision.az -a verilən məlumata görə, komitənin Əməliyyat-İstintaq Baş İdarəsinə İrandan Azərbaycana qeyri-qanuni yollarla gətirilmiş narkotik vasitələrin realizə olunacağı barədə əməliyyat məlumatı daxil olub. Məlumat əsasında Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu ərazisində keçirilmiş əməliyyat tədbiri zamanı Azərbaycan vətəndaşı Nəcəfov Pərviz Nəcəf oğlu sellofan torbada narkotik vasitə olan bağlamaları şərti alıcıya satmaq istəyərkən əməliyyat qrupunun üzvləri tərəfindən saxlanılıb.

Baxış zamanı vətəndaşa məxsus torbanın içərisində 9 ədəd uzunsov formalı, şəffaf rəngli polietilen bağlamalarda qablaşdırılmış spesifik qoxuya malik, cəmi çəkisi 4188 qram narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.

N.Pərvizin 4188 qram narkotik vasitə olan tiryəki İran vətəndaşı Kamran adlı şəxsdən əldə etdiyi müəyyənləşdirilib. Bu istiqamətdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin vətəndaşın şəxsiyyəti dəqiqləşdirilərək Masrour Kamran Seifollah oğlu olduğu müəyyən edilib.

Daha sonra əməliyyat tədbirləri davam etdirilib və o Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postundan keçməklə ölkə ərazisini tərk etmək istəyərkən gömrük əməkdaşları tərəfindən saxlanılıb, Əməliyyat-İstintaq Baş İdarəsinə təhvil verilib. Faktla bağlı cinayət işi başlanılaraq hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Azvision.az


Teqlər: DGK  





Xəbər lenti