Məktəbi bitirməyən şagirdlərlə bağlı statistika

 Məktəbi bitirməyən şagirdlərlə bağlı statistika
  21 İyun 2019    Oxunub:2595
2018-ci ildə tam orta təhsilini başa vurmuş şagirdlərin təxminən 23%-i təhsilini davam etdirməməyi qərara alıb və ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün müraciət etməyib.
Azvision.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi “Abituriyent” jurnalının 12-ci nömrəsində qeyd edilib. Jurnalda bildirilib ki, onların 66%-i oğlan, 34%-i qız şagirdlərdir.

“2018-ci ildə 11-ci sinfi bitirən şagirdlər 2007-ci ildə 1-ci sinfə daxil olublar. "Dövlət Statistika Komitəsinin verdiyi məlumata əsasən 2007-ci ildə 1-ci sinfə daxil olan şagirdlərin sayı 118290 nəfər olub. 2016-cı ildə 9-cu sinfi bitirən şagirdlərin sayı 108734 nəfər idi. Həmin ildə 9-cu siniflər üzrə buraxılış imtahanında iştirak edən şagirdlərin sayı isə faktiki olaraq 104729 nəfər olub və 4005 şagird buraxılış imtahanında bu və ya digər səbəbdən iştirak etməyib. Göründüyü kimi 2007-ci ildə 1-ci sinfə daxil olan 118290 şagirdin təxminən 8.1%-i ümumi orta təhsil almayıb və onların təhsili haqqında heç bir məlumat yoxdur”.

Bildirilib ki, 2016-cı ildə ölkədə 9-cu sinif üzrə buraxılış imtahanında iştirak edən şagirdlərin sayı 104729 nəfər olub və bu şagirdlərin təxminən 16%-i təhsilini davam etdirməyib:

”Bu kontingent buraxılış imtahanlarında, əsasən, "2" və "3" qiymət alanlardır. Qeyd etmək lazımdır ki, belə zəif nəticə göstərən şagirdlərin 69%-i kənd məktəblərini təmsil edir. IX sinfi bitirənlərin yalnız 7%-i təhsilini peşə liseylərində və orta ixtisas təhsili müəssisələrində davam etdirib. Şagirdlərin qalan 72%-i isə 2018-ci ildə tam orta təhsilini başa vurubr. Nəticədə, 2007-ci ildə 1-ci sinfə daxil olan 118290 şagirdin 68%-nin tam orta təhsil səviyyəsini, 24%-nin isə ümumi orta təhsil səviyyəsini başa vurduğu məlum olub.

2018-ci ildə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün 63 178 şagird, yəni 2007-ci ildə 1-ci sinfə daxil olan şagirdlərin yalnız 53%-i ərizə verib (onların 52%-i oğlan, 48%-i qız, 40%-i şəhər, 60%-i kənd rayonlarından olan şagirdlərdir). Bu şagirdlərin 7798 nəfəri təhsilini orta ixtisas təhsili müəssisələrində, 33419 nəfəri isə ali təhsil müəssisələrində davam etdirmək imkanı əldə edib”.

Azvision.az



Teqlər: DİM   İmtahan  





Xəbər lenti