600-dən çox bal toplayanların sayı 81,3 faiz artıb

 600-dən çox bal toplayanların sayı 81,3 faiz artıb
  14 İyun 2019    Oxunub:2322
Keyfiyyətin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində 2018-ci ildə ali təhsil müəssisələrinə tələbə qəbulunun keyfiyyət göstəriciləri daha da yüksəlib. Belə ki, 2013-cü ilə nisbətən qəbul imtahanlarında 300 baldan çox toplayanların sayı 26,5 faiz, 400 baldan çox toplayanların sayı 35,1 faiz, 500 baldan çox toplayanların sayı 51,5 faiz, 600 baldan çox toplayanların sayı isə 81,3 faiz artıb.
Azvision.az xəbər verir ki, bunu "Azərbaycan" qəzetində dərc olunan məqaləsində Təhsil naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, istedadlı uşaqlarla iş sahəsində görülmüş işlər nəticəsində həm respublika olimpiadalarında iştirak edənlərin sayı, həm də beynəlxalq olimpiadalarda şagirdlərimizin uğurları ildən-ilə yaxşılaşıb.

"2018-ci ildə respublika fənn olimpiadalarında 33 mindən çox şagird iştirak edib ki, bu da 2013-cü ilə nisbətən 5 dəfə çoxdur. Beynəlxalq olimpiada və bilik yarışlarında Azərbaycan məktəbliləri 1 qızıl, 8 gümüş, 20 bürünc medal, 7 həvəsləndirici sertifikat əldə edib, son illərdə isə 4 qızıl, 29 gümüş və 107 bürünc medal olmaqla ümumilikdə 140 medal qazanıblar. 2019-cu ilin ilkin nəticələri də uğurlu olub. Bakı məktəblisi, 7-ci sinif şagirdi Fidan Qarayeva 8-ci Avropa Qızlar Riyaziyyat Olimpiadasında bürünc medal əldə edərək həmin olimpiadanın tarixində ən gənc qalib olub. 36-cı Balkan Riyaziyyat Olimpiadasında məktəblilərimiz 4 gümüş və 1 bürünc medal əldə etmiş, bu nəticə həmin olimpiadanın tarixində Azərbaycan məktəblilərinin göstərdiyi ən yaxşı nəticə olub. Əminliklə demək olar ki, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqə və yarışların qaliblərinin ali məktəblərə müsabiqədənkənar qəbul hüququ əldə etməsi olimpiada hərəkatının daha da genişlənməsinə səbəb olacaqdır. Şübhəsiz, cari ildə informatika üzrə dünya olimpiadasının Azərbaycanda keçirilməsi də ölkə təhsili üçün əhəmiyyətli hadisələrdən biri olacaqdır", - C.Bayramov vurğulayıb.

Azvision.az


Teqlər: Nazir   Təhsil  





Xəbər lenti