Məntiq Olimpiadasının qalibləri mükafatlandırılıb

Məntiq Olimpiadasının qalibləri mükafatlandırılıb
  13 İyun 2019    Oxunub:3220
Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Bakı Şəhər Təhsil İdarəsindən (BŞTİ) Azvision.az -a verilən məlumata görə, tədbirdə əvvəlcə olimpiadanın gedişi və qaliblərdən bəhs edən videoçarx nümayiş olunub, olimpiada haqqında qısa hesabat nəzərə çatdırılıb.

Bakı Şəhər Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev son illərdə ölkəmizdə bütün sahələr üzrə istedadlı şagirdlərin aşkara çıxarılmasına xüsusi diqqət yetirildiyini, onların bilik və bacarıqlarının inkişafı istiqamətində böyük işlər görüldüyünü bildirib. İdarə müdiri istedadlı şagirdləri həvəsləndirmək, onların yaradıcılığa və elmə olan marağını artırmaq, nəzəri və təcrübi biliklərini təkmilləşdirmək, məntiqi biliklərinin artmasına təkan vermək, onlara beynəlxalq və yerli olimpiadalarda, eləcə də bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, şagirdlər arasında sağlam rəqabət mühiti yaratmaq məqsədilə Təhsil Nazirliyi və BŞTİ tərəfindən il ərzində bir çox müsabiqələrin təşkil olunduğunu qeyd edib.

R.Tağıyev cari tədris ilində BŞTİ-nin tabeliyində olan məktəblərdə təhsil alan şagirdlərin yerli və beynəlxalq olimpiadalardakı uğurlarının kifayət qədər yüksəldiyini söyləyib. Çıxışı zamanı BŞTİ-nin müdiri bilik yarışının qaliblərini təbrik edib, olimpiadanın istedadlı məktəblilərin formalaşdırılmasındakı müstəsna rolundan danışıb.

BŞTİ-nin müdiri V-VI sinif şagirdləri arasında təşkil olunan Lütfi Zadə adına Məntiq Olimpiadasının məktəblilər tərəfindən maraqla qarşılandığını söyləyib. IV Məntiq Olimpiadasının final mərhələsində 1577 şagirdin iştirak etdiyini deyən idarə müdiri onlardan 44 nəfərin 17 baldan yuxarı nəticə göstərərək olimpiadanın qalibi olduğunu, 349 nəfərin isə 12 baldan 17 baladək toplayaraq “Tərifnamə”yə layiq görüldüyünü bildirib.

Qeyd edək ki, olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onları həvəsləndirmək və elmə olan marağını artırmaqdır. Olimpiadada 12 nəfər I, 15 nəfər II, 17 nəfər isə III yerin sahibi olub.

Sonda olimpiadada yüksək nəticələr əldə etmiş şagirdlərə medal, diplom, sertifikat və qiymətli hədiyyələr təqdim olunub.

Azvision.az


Teqlər: Olimpiada  





Xəbər lenti