Kanadanın məşhur universitetinin azərbaycanlı professoru

   Kanadanın məşhur universitetinin azərbaycanlı professoru
  09 İyun 2019    Oxunub:14530
Elə insanlar var ki, bir ömür yaşasalar da özlərindən, ailələrindən başqa bir kimsənin işinə yaramırlar. Amma elə insanlar da var ki, bütün ömrü boyu şam kimi əriyib ətrafa nur saçırlar. Onlarla ünsiyyətdə olmaq, onları dinləmək adama qürur hissi yaşadır. Sevinirsən ki, uğurları, davranışları, əməlləri ilə vətəndən uzaqda hörmət qazanıb, nüfuz sahibi olublar.
Statistikaya görə Kanadada iki yüz yetmiş beş min azərbaycanlı yaşayır. Onların yüz mini cənubi azərbaycanlılar, əlli mini Kanadada anadan olmuş soydaşlarımız, təqribən yüz iyirmi beş mini isə başqa ölkələrdən gəlmiş azərbaycanlılardır.

Bu gün sizə vətən naminə xidmətləri ilə iki yüz yetmiş beş min insanın arasından sayılıb seçilən bir soydaşımızdan söhbət açmaq istəyirəm. Onun haqqında çox yazılıb, çox deyilib, hətta müxtəlif televiziya verilişlərinin qonağı da olub. Mən isə onu sizə gördüyüm, tanıdığım kimi təqdim etməyə çalışacağam.

Atası Sənan Axundov Lənkəranın ən görkəmli müəllimlərindən biri olub. Bir müddət tarix fənnini tədris etsə də, sonradan məktəb direktoru, rayon maarif şöbəsinin baş müfəttişi vəzifələrində çalışıb. Məzarı ata-baba yurdu Boladı kəndindədir.

1959-cu ilin qızmar yay günlərindən birində Sənan müəllimin ailəsində bir oğlan uşağı dünyaya gəlir. Üç bacı, üç qardaşdan sonra evin son beşiyi olan bu körpəyə İlham adı verirlər. İllər ötür, o, orta təhsilini başa vurduqdan sonra ali təhsil almaq məqsədi ilə Bakıya gəlir. Qəbul imtahanlarını uğurla verərək Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakultəsinə qəbul olunur. Üç il burada oxuduqdan sonra Leninqrad Dövlət Universitetinin riyaziyyat-mexanika fakültəsinə göndərilir. 1981-ci ildə universiteti bitirərək yenidən Bakıya dönür. İki il indiki AMEA-nın Riyaziyyat İnsitutunda çalışdıqdan sonra bir daha Leninqrada üz tutur. İki il məzunu olduğu universitetdə elmi işçi işləyir. 1984-cü ildə aspiranturaya qəbul olunub, 1987-ci ildə oranı fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi ilə başa vurub. 1988-1997-ci illərdə indiki Azərbaycan Dövlət İqtisad Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. 1997-1999-cu illərdə isə Odlar Yurdu Universitetinin xarici əlaqələr üzrə prorektoru olub. 1999-cu ildə ABŞ Dövlət Departamentinin keçirdiyi “Fulbright” müsabiqəsinin qalibi kimi Amerikaya gəlmək şansı əldə edib.



Deyir ki,- “Mənim həyatım dekadalardan ibarətdir. On il Lənkəranda orta təhsil almışam, On il Sankt-Peterburqda olmuşam. Amerikada on ilim tamam olanda gözləyirdim ki, nəsə baş verəcək. Elə də oldu. Məni işlədiyim Vaterlu Universitetindən Dubaydakı filialımızın riyaziyyat fakültəsinə rəhbərlik etməyə göndərdilər. Doğrudur, dörd il orada çalışandan sonra Kanadaya qayıtdım. Və on ildir ki, buradayam. İndi də vətənə dönməyə hazırlaşıram. Gedib bir il orada yaşayacam. Əgər alınsa yəqin ki, qalıb Azərbaycanda işləyəcəm”…

İlham Axundov ABŞ-ın Texas ştatına gələndə qırx yaşı var idi. İki il Texas Universitetində elmi araşdırmalarla məşğul olduqdan sonra Kanadanın Hamilton şəhərindəki MakMaster Universitetində çalışıb. 2007-ci ildən Kanadanın məşhur Vaterlu Universitetinin professorudur. Arada 2009-2013-cü illərdə Vaterlu universitetin riyaziyyat fakültəsinin Dubaydakı filialının direktoru olub. Hazırda Vaterlu Universitetinin riyaziyyat fakültəsinin Riyaziyyat və Biznes proqramları direktorudur. Üç dərslik və otuz beşdən çox elmi məqalənin müəllifidir. Sıralar nəzəriyyəsi və ekstrimal hadisələrin modelləşdirilməsinə böyük töhfələr verib. 2018-ci ildə çalışdığı universitetdə “Ən yaxşı fəaliyyətə görə” mükafatına layiq görülüb.

Ömür-gün yoldaşı Şölə xanım riyaziyyatçı olsa da, Kanadaya gələndən sonra uzun müddət ərsəyə gətirdiyi uşaq bağçasına rəhbərlik edib. Hazırda “Azərbaycan və dünya mətbəxindən 101 resept” kitabınının üzərində çalışır. Kitabın ilk nüsxələri artıq Kanadada işıq üzü görüb. Üç övladı vardır. Böyük qızı Ülkər xanım Vaterlu Universitetində kampyuter elmləri ixtisasına yiyələnib. İkinci övladı Sənan həmin universitetin mexanika mühəndisliyi fakultəsinin sonuncu kursunda təhsil alır. Hazırda ABŞ-ın Kaliforniya ştatındakı Tesla Elektrik Avtomobilləri Zavodunda işləyir. Üçüncü övladı Məryəm xanım isə altıncı sinifdə oxuyur.

İctimai işlərdə böyük səriştəsi var. Azərbaycanla bağlı Kanadadakı cəmiyyətlərin tədbirlərində yaxından iştirak etməklə yanaşı, prezidenti olduğu “Kanada-Azərbaycan Əməkdaşlıq Asossasiyası”nın xətti ilə xeyli işlər görüb. Təşkilat dörd istiqamətdə- siyasi, iqtisadi, sosial və təhsil məsələləri üzrə fəaliyyət göstərir. İndiyədək Azərbaycandan əlli beş tələbənin Kanadada təhsil almasına vasitəçilik edib. Bundan əlavə o, 2012-ci ildə “Kanada Azərbaycan Araşdırmaları İnstitutu”nu yaradıb. Bu qurumun xətti ilə də bir sıra uğurlara imza atıb.

Deyir ki,- “İlk dəfə Amerikaya gələndə şahidi olduğum hadisələr, eləcə də hər yer mənə qeyri-adi görünürdü. Bu maraqla on il ötürdüm. Sonra hiss etdim ki, darıxıram. On il də darıxa-darıxa yaşadım. İyirmi ildən sonra isə özüm-özümə sual verməyə başladım- Axı sənin burada nə işin vardır? Artıq qəti qərarımdır, tezliklə öz doğma məmləkətimə qayıdacam. İstəyirəm ki, bilik və bacarıqlarımı, təcrübəmi öz vətənimdə xərcləyim”.

Ağayanə kişilərdəndir. Dərin zəkası, davranışı, əsl ağsaqqallara xas olan keyfiyyətləri ilə ictimai nüfuz qazanıb. İnsanlarla ünsiyyətdə çox diqqətlidir. Dinləməyi bacarır. Adamlara kömək etməyi, dəstək olmağı özünə mənəvi borc bilir. Klassik musiqi dinləməkdən zövq alır. Öz şəxsi avtomobili ilə ailəvi səyahət etməyi xoşlayır. Şimali Amerikanın çox yerlərində olub, indi də Azərbaycanın bölgələrini bir-bir gəzməyi planlaşdırır:

“Qəlbin bayaramı deyilən bir anlam vardır. Yad ölkədə nə qədər uğur qazansan da, qəlbən sevinə bilmirsən. Elə bil, nəsə çatmır. Buna nakam xoşbəxtlik də demək olar. Məncə insan yalnız öz vətənində tam xoşbəxt ola bilər”.

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Azvision.az


Teqlər:





Xəbər lenti