Magistraturaya ixtisaslaşma seçimi başlayıb

Magistraturaya ixtisaslaşma seçimi başlayıb
  07 İyun 2019    Oxunub:2225
2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ixtisaslaşma seçimi bu gündən etibarən başlayıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) Azvision.az -a verilən məlumata görə, ixtisaslaşma seçiminə bu il magistraturaya qəbul imtahanının iki mərhələsinin nəticələrinə əsasən, müsabiqə şərtlərini ödəyən bakalavrlar buraxılırlar. İxtisas seçimi iyunun 18-dək davam edəcək.

Bakalavrlar "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə imtahan verdiyi qəbul proqramına aid dövlət sifarişi əsasında və ödənişli əsaslarla olan 20‑dək ixtisaslaşma kodunu göstərə bilərlər. Bakalavrın seçdiyi ixtisaslaşmalar onun imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına (bəzi ixtisaslaşmalar üçün xarici dilə qoyulan tələbə) müvafiq olmalıdır.

Bakalavrlar ixtisaslaşma seçimi haqqında elanın tam mətni, ixtisaslaşmaların seçimi və təsdiqi üçün təlimat, həmçinin qəbul aparılan ixtisaslaşmalar barədə məlumat və dövlət sifarişi ilə magistraturaya tələbə qəbulunun proqnozu ilə "Magistr" jurnalının 2019-cu il tarixli 4-cü sayında tanış ola bilərlər.

Bakalavr seçdiyi ixtisaslaşmaları istədiyi ardıcıllıqla DİM-in internet saytında öz elektron ərizə formasına daxil edir, hər bir ixtisaslaşma üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd edir və öz ixtisaslaşma seçimini təsdiqləyir. Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə yerləşdirilir.

Magistraturada dövlət hesabına təhsil almış magistrlər yalnız ixtisaslaşmaların təhsili ödənişli əsaslarla olan yerlərinin kodlarını seçə bilərlər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, yalnız ixtisaslaşmaların təhsili ödənişli əsaslarla olan yerlərinin kodlarını seçə bilərlər. Müsabiqə qəbul imtahanının birinci və ikinci mərhələsində toplanılan balların cəminə (ümumi bala) əsasən aparılır.

Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar. Ərizə təsdiq edildikdən sonra onda heç bir dəyişiklik etmək mümkün olmayacaq.

Azvision.az


Teqlər: DİM  





Xəbər lenti