Müəllimlərin yerdəyişməsində nəzərə alınacaq sosial amillər

 Müəllimlərin yerdəyişməsində nəzərə alınacaq sosial amillər
  05 İyun 2019    Oxunub:5634
Təhsil Nazirliyi müəllimlərin yerdəyişmə müsabiqəsi zamanı namizədlər üçün nəzərə alınacaq sosial amilləri açıqlayıb.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, yerdəyişmə müsabiqəsi nəzərə alınan sosial amillər ər və ya arvadın hərbçi olması, şəhid ailəsinin üzvü olma, namizədin iş yerini faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişməsidir.

Bu sosial amillərin nəzərə alınması üçün namizədlər elektron qeydiyyat zamanı ərizələrinə tələb olunan bəzi sənədləri yükləməlidirlər.

Əri və ya arvadı hərbçi olduqda namizəd nikah haqqında şəhadətnamənin surətini, ər və ya arvadın hərbçi olduğunu təsdiq edən sənədin (xidməti vəsiqə və ya arayış) surətini, şəhid ailəsinin üzvü olduqda şəhid ailəsinin üzvü olduğunu təsdiq edən sənəd və ya vəsiqənin surətini, iş yerini faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirdikdə həmin ərazidə yaşadığını və ya qeydiyyatda olduğunu təsdiq edən sənədin surətini, qeyd olunan bu şərtləri ödədikdə sosial amilləri təsdiq edən bütün sənədlərin surətini sistemə əlavə etməlidirlər.

Qeyd edək ki, bu gündən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılıb. Elektron sənəd qəbulu 10 iyun saat 23:59-da başa çatacaq.

Müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi bölmə və ixtisasa uyğun olaraq dəyişdiriləcək. Vakansiyalara yerləşdirilmə zamanı işə qəbul müsabiqəsi və ya diaqnostik qiymətləndirilmədə toplanılan bal əsas götürüləcək. Namizədlər müəllimlərin işə qəbulu üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirilmədə iki və ya daha çox sayda iştirak ediblərsə, üstünlük verdikləri balla müsabiqəyə qatıla bilərlər.

Müsabiqə zamanı bəzi sosial amillərlə əlaqədar namizədlərin topladıqları bal artım əmsalına vurulacaq.

Belə ki, əri və ya arvadı hərbçi və ya özü şəhid ailəsinin üzvü olan namizədlərin topladıqları bal 1,1 artım əmsalına, iş yerini özünün faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirən namizədlərin topladıqları bal 1,05 artım əmsalına vurularaq hesablanacaq. Hər iki şərti ödəyən namizədlərin topladığı bal isə 1,1 artım əmsalına vurularaq hesablanacaq.

Azvision.az


Teqlər: Təhsil-Nazirliyi  





Xəbər lenti