Sosial xidmət mərkəzlərinin sayı 200-ə çatdırılır

   Sosial xidmət mərkəzlərinin sayı 200-ə çatdırılır
  03 İyun 2019    Oxunub:1575
Prezident İlham Əliyevin “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” 1 iyun 2019-cu il tarixli Sərəncamı qeyd olunan insanlara reabilitasiya yönümlü sosial xidmətlərin göstərildiyi mərkəzlərin sayının dəfələrlə artırılmasına imkan verib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Azvision.az -a verilən xəbərə görə, sənədə əsasən, sosial xidmətlər sahəsində yeni istiqamətlər kimi, ayrı-ayrı kateqoriyalar üzrə yeni dəstək mərkəzləri də yaradılacaq. Sərəncamla xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin (günərzi, sosial reabilitasiya, psixoloji, surdoloji və digər dəstək xidmətləri) genişləndirilməsi üçün cari ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 5 milyon manat ayrılıb.

Bu əsasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişləri üzrə müvafiq sahələrdə ixtisaslaşmış QHT-lər tərəfindən cari ildə ölkəmizin şəhər və rayonlarında daha 30 günərzi qayğı və 36 icma əsaslı sosial reabilitasiya mərkəzi yaradılmaqla, bu kimi mərkəzlərin sayı 50-dən 116-ya çatdırılacaq.

Sosial sifarişlər əsasında autizm və daun sindromlu uşaqlar üçün 1 psixoloji yardım mərkəzi fəaliyyət göstərirdisə, belə mərkəzlərin sayının 15-ə, surdoloji xidmət mərkəzlərinin sayının 2-dən 10-a çatırılması təmin ediləcək. Görmə imkanları məhdud uşaqlar üçün əlavə 2 reabilitasiya mərkəzi də yaradılmaqla, artıq 3 belə mərkəz, həmçinin sağlamlıq imkanları məhdud uşaqlarla davranış üzrə valideynlərə dəstək göstərilməsi üçün 10 mərkəz, məişət zorakılığından zərər çəkmiş şəxslər üçün (hazırda bu məqsədlə 1 mərkəz var) 15 mərkəz fəaliyyət göstərəcək.

Sosial xidmət sahəsində yeni istiqamət kimi, nazirliyin sosial sifarişləri üzrə ahıllar üçün də 5 günərzi mərkəzi yaradılacaq. Əlilliyi olan şəxslərin peşə-sosial reabilitasiyası da diqqətdə saxlanılmaqla, bu məqsədlə 10 mərkəzin, insan alveri qurbanları üçün isə 3 reabilitasiya mərkəzinin yaradılması nəzərdə tutulur.

Göründüyü kimi, Prezident İlham Əliyevin 1 iyun 2019-cu il tarixli Sərəncamı sosial xidmətlərin əhatə dairəsinin əhəmiyyətli şəkildə genişləndirilməsini təmin edir. Digər tərəfdən, Sərəncam sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtının təşkilinə, habelə onların sosial reabilitasiyasına yönələn tədbirlərinin gücləndirilməsinə də imkan yaradıb.
Beləliklə, sosial sifarişlər əsasında icra olunan reabilitasiya yönümlü sosial xidmət layihələri üzrə xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə hazırda olduğundan 3,5 dəfə çox olmaqla 200-ə yaxın mərkəz xidmət göstərəcək.

Azvision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti