Həkimlə çöpçünün arasında - Murad Köhnəqalanın yazısı

   Həkimlə çöpçünün arasında -    Murad Köhnəqalanın yazısı
  03 İyun 2019    Oxunub:5034
Neçə vaxt idi Amur özünü narahat hiss eləyir, gecə yuxudan ayılıb ağlayır, gündüzlər üzü, qulaqları qızarır, bizə məlum olmayan ağrıdan qışqırırdı. Azı dişlərində qaralma olduğuna görə əvvəlcə diş ağrısından şübhələndik. Stomotoloqa apardıq. Dişlərin sinirini öldürmək üçün stomotoloq yüngül dərman qoyub, çürük yeri müvəqqəti qapadı və dedi iki gündən sonra ağrısı qalmayacaq. Ancaq bunun da xeyri olmadı. Yenə diş həkiminə qayıtdıq. Həkim bu dəfə dedi, ola bilsin, uşağın sinirlərində problem var.
İnternetdən axtarıb uşağı məşhur bir nevroloqa apardıq. Nevroloqun yazdığı dərmanın hansısa allergiya verdiyinə görə onun reseptinə şübhə elədik və başqa, ən məşhurlardan olan nevroloqa üz tutduq. Növbəti nevroloq da bir neçə dərman yazıb, uşağı LOR-a göstərməyi, sonra isə ultrasonoqrafiya və sonunda tomoqrafiya müayinəsindən keçirməyimizi məsləhət bildi. Onun yazdığı dərmanların da bir xeyiri olmadı.

Bir neçə gündən sonra ultrasonoqrafiya olunan yerə getdik. Həkim mehriban, gənc bir xanım idi. Bu müayinə üçün uşağın başına rezin çubuqlardan düzəldilmiş “dəbilqə” geyindirilməli, sonra basin müxtəlif nahiyəsinə ekranla əlaqə üçün nələrsə birləşdirilməli idi. Nə qədər çalışdıqsa, uşaq bu qurğuları özünə yaxın buraxmadı. Xanım həkim məcbur olub, klinikadakı pediatrla məsləhətləşərək, uşağa yuxu dərmanı verdi. Dərmanı içdikdən sonra fikrimizdən duyuq düşən uşaq oyaqlığını daha da səfərbər edərək, yatmadı. Açığı, şəxsən mən uşağın yatmamasına və bu şüalı qurğuları özünə yaxın buraxmadığına görə ürəyimdə sevindim.

Nə isə, duyduğumuz o idi ki, indiyə qədərki həkimlərin yazdığı dərmanların heç bir xeyri yoxdur, uşaq yalnız klassik analginin dörddən birini qəbul edəndən sonra sakitləşir. Demək, bu uşağın harasındasa mütləq bir ağrı var.

Həmin o vaxtlar idi ki, Amurun babası dünyasını dəyişdi və biz birtəhər yığışaraq Xaçmaza, nənəsinin kəndinə gəldik. Uşaq burada da rahatlaşmır, gün ərzində ona bir neçə dəfə ağrıkəsici dərman verirdik. Yası birtəhər yola verdikdən sonra Amurun nənəsi bizə dedi, bu uşağı mütləq çöpçüyə aparmaq lazımdır. Mən dərhal narazılığımı bildirdim. Nəsə, ara sakitləşdikdən sonra uşağın anası dedi, bayaqdan anam məni dilə tutur ki, səni çöpçü məsələsinə razılaşdırım. Gəl, sabah aparaq Amuru çöpçüyə. Nənəsinin xətrinə dəyməyək, özü maşın tutub aparacaq bizi. Çöpçü uzaq kənddədir, mənzərəli yoldu, gedəcəyik, uşaq da yol gedəndə sakitləşir, həm də bilmək olmaz, bəlkə doğrudan da çöpçülük bir iş var.

Nə isə, razılaşdım. Sabah maşın gəlib bizi çöpçü yaşayan kəndə apardı. Sürücü bütün yol boyu getdiyimiz çöpçünü tərifləyir, neçə uşağı həmin çöpçü qadının köməyi ilə xilas etdiyini söyləyirdi. Nəhayət, saat 12 radələrində çöpçünün evinə çatdıq. Bizdən qabaqada bir qadın da öz uşaqlarını çöpçüyə gətirmişdi. Maraqlıdır ki, Amurdan fərli olaraq, həmin uşaqlar məktəbli yaşlarında idilər. Bizi gətirən sürücü dedi ki, burada belədir, səhər açılandan axşama kimi Xaçmazın hər tərəfindən bura uşaq gətirirlər.

Əlqərəz, uşağı anası qucağında tutdu, çöpçü onun burnundan üfürür, hər dəfəsində də ovcunda bir yemək qırıntısı peyda olurdu. Dörd dəfə, yəni burunun hər dəliyinə iki dəfə üfürdü. O üfürdükcə qəribə bir səs, dar bir yerdən üfürülüb çıxan probka səsi eşidilirdi. Həmin probka səsi arvadın ovcuna düşən qırıntının doğrudan da uşaqdan çıxmasını inandırıcı edirdi. Bildim ki, adamları aldadan məhz, həmin probka səsidi.

Ancaq baxdım ki, onun “çıxartdığı” yemək qalıqları qupqurudur. Yəni, adamın ağzından, burnundan, boğazından çıxan şey necə quru ola bilərdi? Lakin onun sehrbazlığına söz ola bilməzdi. Qolu gödək paltar geyinib, baxırsan ki, əlində-ovcunda heç nə yoxdur, uşağın boğazından tutub bircə dəfə “Fü!” eləyən kimi ovcunda bir qırıntı peyda olur. Buradaca anladım ki, bütün sehrlər o probka səsindədir. Demək, üfürərkən probka səsi çıxara bilən və ovcunda qırıntı göstərə bilən istənilən qadın çöpçülük eləyə bilər.

İşini bitirib pulunu aldıqdan sonra dedi ki, uşaqda çöp çoxdur, bir dəfəyə təmizləmək olmaz, yenə gətirərsiniz. Demək, qadın belə-belə özünə “kliyent” yığırmış.

Təsəvvür eləyin, bir körpə uşaq allergiyaya görə burnunu qaşıyır, onu allerqoloqa göstərmək əvəzinə, insafsızcasına çöpçüyə aparırlar. Adətən, allergiyası olan uşağı bir məkandan başqa məkana aparanda müvəqqəti olaraq qıcıqlanması kəsir və bunu da çöpçünün kəramətinə yozurlar. Beləcə, həmin uşaq böyüyüb müəyyən immunitet qazanana qədər həmin çöpçünün “pasiyent”i olur. Bu, sadəcə, dəhşətdir.

Nə başınızı ağrıdım, rayondan qayıdan kimi başqa bir klinikada LOR həkiminin qəbuluna yazılıb, uşağı müayinəyə apardıq. Bu arada yadımdan çıxmamış deyim ki, hər bir həkimin qəbulu üçün ən azı 50, yaxud 60 manat ödəyirdik.

LOR uşağın anasını, öz köməkçilərini səfərbər edib, əl-ayağını tutaraq, körpəni bir müddət tərpənməz edib, burun-boğaz-qulağına şüa verdi və monitorda göstərdi ki, heç bir problem yoxdur. Ancaq qulağının birində yüngül qızartı var, ola bilsin, ağrı verən də odur, deyib, bir xeyli dərman yazdı.

Başımıza gələnləri bir dostuma danışdım, o da mənə məsləhət gördü ki, uşağı Biləcəridəki çöpçüyə aparım. Sonra da əlavə elədi ki, çox güclü çöpçüdür, ona görə 50 manata üfürür…



Teqlər: Türkəçarə   Çöpçü  





Xəbər lenti