İdris İsayev: “Hər bir sinifdə şagird sıxlığı var”

     İdris İsayev:    “Hər bir sinifdə şagird sıxlığı var”
  30 May 2019    Oxunub:2518
"Hər bir sinifdə şagird sıxlığı var. Qanunvericiliyə edilmiş son dəyişikliyə əsasən, hər bir sinifdə şagird sayı 20 olmalıdır. Siniflər üzrə şagird sayı 30-dan çox olmamalıdır"
Azvision.az xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev media üçün təlimdə yeni qəbul olunan "Ümumi təhsil haqqında" qanunla bağlı çıxışında deyib.

O, bildirib ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən məsələ ilə bağlı qərar qəbul edilməlidir. Nazir müavini qeyd edib ki, Azərbaycanda 1 milyon 600 min şagird təhsil alır, 150 minə yaxın müəllim pedaqoji faəliyyətlə məşğul olur, ölkədəki təhsil müəssisələrinin sayı isə 4500-dür:

"360-yaxın müəssisədə təhsilalanlara ibtidai təhsil, 800-ə yaxın müəssisədə ümumi-orta (IX illik) təhsili verilir. Beləliklə, əhalinin 16 faizi bu və ya digər formada bu sahə ilə bağlıdır".

İ. İsayevin sözlərinə görə, məktəblərə ixtisaslı psixoloqların cəlb edilməsi gündəmdədir: "Bəzi hallarda məktəblərdə olan psixoloqlar öz ixtisası ilə çalışmayan kadrlardır. Eyni zamanda məktəblərdə psixoloq ştatı nəzərə alınmalıdır. Bunun üçün meyarlar müəyyənləşməlidir".

Aytən Zəhra
Azvision.az



Teqlər: Təhsil-Nazirliyi   İdris-İsayev  





Xəbər lenti