Azərbaycan-Əfqanıstan Birgə İşçi Qrupunun iclası keçiriləcək

Azərbaycan-Əfqanıstan Birgə İşçi Qrupunun iclası keçiriləcək
  25 May 2019    Oxunub:1717
Bu ilin yanvar-aprel aylarında Azərbaycan ilə Əfqanıstan arasında ticarət dövriyyəsi 50 faizədək artıb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nazir Şahin Mustafayev Əfqanıstanın Sənaye və Ticarət naziri Acmal Əhmədinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Martda VII Qlobal Bakı Forumu çərçivəsində A.Əhmədi ilə keçirilmiş görüşü xatırladan Ş.Mustafayev Azərbaycanın Əfqanıstanla ikitərəfli əməkdaşlığa önəm verdiyini, əlaqələrin genişlənməsində dövlət başçılarının siyasi iradəsini, ölkə rəhbərləri arasında keçirilən görüşlərin, aparılan danışıqların mühüm əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, iki ölkə arasında iqtisadi-ticarət sahəsində 15-dən çox sənəd imzalanıb, iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupu yaradılıb. İşçi Qrupun ilk iclasının bu ilin iyulunda Bakıda keçirilməsi nəzərdə tutulur.

Ölkələrimiz arasında əməkdaşlığın əsas istiqamətlərindən olan ticarət əlaqələri barədə danışan Ş.Mustafayev bildirib ki, iki ölkənin ticarət dövriyyəsi ötən il 37 faiz, bu ilin yanvar-aprel aylarında isə keçən ilin eyni dövrü ilə müqayisədə 50 faizədək artıb. Bununla belə, ticarət əlaqələrinin genişləndirilməsi üçün hər iki ölkənin imkanları genişdir.

Azərbaycanın əlverişli iqtisadi-coğrafi mövqedə, nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyini qeyd edən nazir Əfqanıstanın ölkəmizin tranzit potensialından, xüsusilə Lapis-Lazuli nəqliyyat dəhlizindən daha geniş istifadə imkanlarını diqqətə çatdırıb. Bildirib ki, bununla yanaşı, kənd təsərrüfatı, investisiya, nəqliyyat, rabitə, tikinti, avtomobil yollarının çəkilişi, meliorasiya, inşaat materiallarının istehsalı və sair sahələrdə əməkdaşlıq üçün geniş imkanlar var.

Ölkəsinin Azərbaycanla iqtisadi əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd edən A.Əhmədi Əfqanıstanın sənaye, ticarət, investisiya imkanları haqqında məlumat verib, iş adamları arasında görüşlərin təşkilinin əhəmiyyətini vurğulayıb.

Görüşdə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə, həmçinin Azərbaycan-Əfqanıstan birgə İşçi Qrupunun ilk iclasına, Bakıda əfqan məhsulları sərgisinin, iş adamları arasında görüşlərin təşkilinə, Əfqanıstanda keçirilən tenderlərdə Azərbaycan şirkətlərinin iştirakına dair müzakirələr aparılıb.

Azvision.az



Teqlər: Əfqanıstan   Şahin-Mustafayev  





Xəbər lenti