ABŞ Peterburq forumunu boykot etdi - Yeni qalmaqal

  24 May 2019    Oxunub : 992
 ABŞ Peterburq forumunu boykot etdi - Yeni qalmaqal
ABŞ-ın Rusiyadakı səfiri Con Xantsman 6-8 iyun tarixində Peterburq beynəlxalq iqtisadi forumunda (PBİF) iştirak etməyəcək.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ-ın Rusiyadakı diplomatik missiyanın nümayəndəsi Andrea Kalan TASS-a bildirib.

Onun sözlərinə görə, bu qərar hazırda ev dustaqlığı yaşayan “Baring Vostok” investisiya fondunun təsisçisi, amerikan investor Maykl Kalvi ilə bağlıdır.

Səfirliyin nümayəndəsinin sözlərinə görə, ev dustaqlığı və sərmayəçiyə qarşı qaldırılan cinayət işi “investisiyaların cəlb edilməsi və daha fəal işbirliyinin yaradılması üçün tələb olunan stabilliyin yaradılması cəhdlərini pozur”.

Xantsman bundan öncə bildirmişdi ki, Kalvi dəmir barmaqlar arasında qaldığı dövrdə PBİF-də iştirak etməyəcək.

Bundan başqa, foruma ABŞ şirkətlərinin rəhbərləri də qatılmayacaqlar. Mənbələrdən birinin dediyinə görə, amerikalı investorun həbsi bazarda təşviş yaradıb. Əgər bundan öncə insanları qaydalara riayət etmədiyinə və ya siyasətə çox qarışdığına görə həbs edirdilərsə, Kalvinin işi bu sxemi pozub.

“Əgər o həbsxanadadırsa, bu, hər kəsin başına gələ bilər”, - deyə, mənbə vurğulayıb.

Qeyd edək ki, “Baring Vostok” sərmayə fondunun təsisçisi Maykl Kalvi “Vostoçnıy” banka qarşı 2,5 milyard rubl dələduzluqda ittiham edilərək həbs olunub. O, əvvəlcə təcridxanada saxlanılıb, sonradan ev dustaqlığına buraxılıb.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: ABŞ   Rusiya