Zelenski üçün çətin olacaq - ŞƏRH

  Zelenski üçün çətin olacaq -    ŞƏRH
  20 May 2019    Oxunub:3137
Nəhayət, Ukraynada prezident seçilən Vladimir Zelenskinin bu gün parlamentdə andiçmə mərasimi keçirildi. Andiçməyə müxtəlif ölkələrin rəsmiləri qatılsa da, 2010 və 2014-cü ildəki andiçmə mərasimlərinə daha çox qonaq gəlmişdi.
Vladimir Zelenskinin andiçmə mərasimindəki çıxışından hansı əsas nəticələr hasil olur?

Azvision.az xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Zelenskinin prezident kimi ilk çıxışını şərh edib.

Politoloq bildirib: "Zelenski parlamenti buraxdığını elan etdi. Bu, çoxları üçün gözlənilməz qərar idi. Amma o demək deyil ki, prezident istəyinə nail oldu. Parlamentdə hakim fraksiya dağılıb və yeni fraksiyanın formalaşması üçün qanunvericiliyə görə 30 gün vaxt lazımdır. Bu zaman kəsiyində prezidentin parlamenti buraxmaq səlahiyyəti yoxdur. Buna görə də böyük ehtimalla parlamentdəki bir necə partiya Zelenskinin parlamenti buraxmaq qərarına etiraz edərək Ali Məhkəməyə şikayət ərizəsi ilə müraciət edəcək".



Onun sözlərinə görə, Zelenski hazırki hökumətlə işləmək istəmir, baş naziri istefaya çağırır. Zelenski bu zaman Amerikanın özü kimi artist olmuş keçmiş prezidenti Ronald Reyqanın bu sözlərinə müraciət edir: “Hökumət problemləri həll etmir, Hökumətin özü başlıca problemdir”. Zelenski ictimaiyyətin hökumətin fəaliyyətindən narazı qaldığını bilərək baş naziri və bütövlükdə hökuməti istefaya çağırır.

"Üçüncüsü, Zelenski Donbasda müharibəyə son qoyulmasını istəyir və çıxışında bu mövzu ön planda idi. Zelenski hətta Donbasda yaşayan rusdillilərə xoş gəlsin deyə çıxışının bir hissəsini rus dilində davam etdi. Ancaq anındaca onu dinləyən müxalif deputat Lyaşkodan “ana dilində danış” replikasını aldı. Andiçmə zamanı bu kiçik qovğanın özü gələcəkdə sülhün necə çətin olacağını və həmin sülhün Ukraynada hamı tərəfdən birmənalı qarşılanmayacağını göstərir. Zelenski Krım və Donbasdan danışarkən maraqlı ifadə işlətdi: “Biz ərazilərdən başqa Krımda və Donbasda yaşayan insanları itirmişik, onları geri qaytarmalıyıq”. Maraqlı yanaşmadır, ancaq reallaşması bu qədər asan olaydı, bunu elə keçmiş prezident Petro Poroşenko həyata keçirərdi. Zelenski hansı yolla Krımı və Donbassı geri qaytaracağına dair fikir bildirmədi. O da aydındır ki, Zelenski üçün güc yolu istisnadır".

Politoloqun fikrincə, Zelenskinin andiçmə mərasimindəki çıxışının ruhundan aydın oldu ki, yeni prezident separatçılarla və Moskva ilə danışıqlara hazırdır.

"Onun bu yanaşması Ukraynada fikir ayrılığının dərinləşməsinə səbəb olacaq. Zelenskinin hazırda başlıca məqsədi Donbass separatçılarının və Moskvanın əlində olan bütün ukraynalı əsirlərin azad olunmasını tezləşdirməkdir. Bu mümkündür, bir şərtlə ki, Ukrayna da separatçıların və Rusiyanın arzuladığı bütün əsirləri azad etməlidir. Poroşenko zamanında əsirlərin “hamının hamıya” prinsipi ilə azad olunmasına razılıq vermədi. Çünki Poroşenko əsirlərin içində insanları qətlə yetirən terrorçuların da olduğunu bildirir və onları azad etmək istəmirdi. Zelenski isə “hamının hamıya” prinsipinə razı olmuş kimi görsənir, Moskva və separatçılar da bunun arzusundadırlar.

Beşincisi, Zelenski çıxışında Ukraynanın Avropa İtifaqı və NATO üzvlüyü barədə qəti bir fikir söyləmədi. Prezident sadəcə onu dedi ki, Avropa beyinlərdə olmalıdır və ordunu NATO standartları ilə inkişaf etdirmək lazımdır. Zelenski haradasa haqlıdır. Petro Poroşenkonun adı çəkilən iki quruma üzvlük hədəfi onun prezidentliyi dövründə reallaşmadı. Zelenski də bu acı təcrübədən çıxış edərək reallaşması çətin hədəflərdən danışmaq istəmir".

E.Şahinoğlu xatırladıb ki, Zelenski ilk gündən prezidentliyinə böyük hədəflərlə başladı. Ancaq onun siyasi təcrübəsi yoxdur və çıxışındakı bütün tezislər qulağa xoş gəlir.

"Zelenski siyasi elitalara deyil, ona səs verən seçicilərə arxayındır. Bəli, Zelenski 73 faizlə prezident seçilib və bu, xalqın ona inamından xəbər verir. Ancaq atılan və atılacaq addımlar Zelenskini oliqarxlarla və siyasi elitalarla üzbəüz qoyacaqsa, cəmiyyət hər dəfəsində onun köməyinə çatmayacaq. Ukrayna müstəqillikdən bu yana oliqarxlar və siyasi elitalar tərəfindən idarə olunur və heç bir prezident siyasi təcrübəsindən çıxış edərək mövcud durumu dəyişə bilmədi. Zelenskiyə də çətin olacaq. Ukraynanın hər tərəfdən dərin problemləri var. Bu problemlərin həlli üçün Zelenskinin ölkə daxilində və xaricində güclü tərəfdaşlara ehtiyacı var. Bu tərəfdaşları tapmaq və onları inandırmaq lazımdır".

Azvision.az


Teqlər: Ukrayn   Zelenski  





Xəbər lenti