98 dövlət əmlakı özəlləşdirməyə çıxarılıb

  20 May 2019    Oxunub : 1228
98 dövlət əmlakı özəlləşdirməyə çıxarılıb
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən növbəti hərraclardan biri iyunun 18-də keçiriləcək.
Komitədən Azvision.az -a verilən məlumata görə, ƏMDK-nın təşkil etdiyi açıq və şəffaf hərraclarda hər kəsin rahat iştirakı təmin olunur. Hərraclara sənaye, aqrar, inşaat, xidmət və digər sahələr üzrə cəlbedici dövlət əmlakları çıxarılır. İnvestorlar geniş seçim və rahat iştirak imkanlarından istifadə edərək ölkənin müxtəlif regionlarında yerləşən dövlət əmlaklarını özəlləşdirə bilirlər.

Həmin hərraca ümumilikdə 98 dövlət əmlakı çıxarılıb. Bunlardan 32-si kiçik dövlət müəssisə və obyekti, 15-i səhmdar cəmiyyətinin dövlətə məxsus səhm paketi, 48-i nəqliyyat vasitəsi, 3-ü isə qeyri-yaşayış sahəsidir. Özəlləşdirməyə çıxarılan kiçik dövlət müəssisələrinin ümumi faydalı sahəsi 7,5 kvadratmetr ilə 9 min 297 kvadratmetrdir. Ucar şəhəri, H.Sultanov küçəsindəki dövlət müəssisəsinin ümumi faydalı sahəsi 189,4 kvadratmetrdir. Tikiş fabrikinin filialı olan əmlak 5 min kvadratmetrlik torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılıb. Sərmayəçi tərəfindən investisiyanın yatırılması və yenidən qurulması bu dövlət əmlakını yüngül sənaye sahəsində gəlirli obyektə çevirə bilər.

Səhmdar cəmiyyətlərinin 30-45 faizlik dövlətə məxsus səhm paketləri hərraca çıxarılıb. Səhmdar cəmiyyətlərindən 8-i aqrar, 5-i nəqliyyat, 2-si isə sənayə sektorlarına aiddir. Onlar arasında “Anar”, “Zaqatala Fındıq”, “Xəzər Avtonəqliyyat” kimi müəssisələr var.

Özəlləşdirməyə çıxarılan qeyri-yaşayış sahələri paytaxtda, Abşeron rayonunda və Gəncə şəhərində yerləşir. Xırdalan şəhəri, 27-ci məhəllədəki qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 53,2 kvadratmetrdir. Xidmət və ofis obyekti kimi istifadə uyğun olan dövlət əmlakı üçün təyin olunan ilkin qiymət 14 min manatdır.

Hərracda avtomobil sahibi olmaq istəyənlər üçün də geniş seçim imkanları var. Belə ki, buraxılış tarixləri 1995-2007-ci illər olan nəqliyyat vasitələri arasında “Nissan”, “Hyundai”, “Ford”, “Daewoo” və digər markalardan olan avtomobillər var. Bu növ dövlət əmlakları üçün təyin olunan ilkin qiymət 1000 manat ilə 6 min manat arasındadır.

Dövlət əmlaklarının özəlləşdirilməsi prosesinə qoşulmaq olduqca sadədir. Bunun üçün hər kəs komitənin rəsmi saytına (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Seçim, qeydiyyat və sifariş prosedurlarını yerinə yetirən şəxs canlı və ya onlayn formada hərracda iştirak statusu qazanır.

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.

Azvision.az

Teqlər: ƏMDK   Hərrac